"Meydanda olmağım, kapitanlıq kimi bir şeydi" - Mahir Şükürov

Topaz Premyer Liqasının XI turu çərçivəsində öz meydanında “İnter” üzərində 2:1 hesablı qələbə qazanan “Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

 

- Nəhayət, “Neftçi” də qələbə qazandı...

- Ağır olacağını bilirdik. “İnter” çempionluq uğrunda yarışır. İndiyə qədər məğlub olmayıb. Məşqçilərimiz rəqibi yaxşı təhlil etmişdilər. Yekunda istəyimizə çatdıq.

 

- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?

- Həmin an arxada qalmışdım. Elə bildim, rəqib futbolçu topu ayağı ilə çıxarıb. Amma sonra hakim penalti təyin etdi. Referi epizoda daha yaxın idi. Onun qərarını AFFA-da oturanlar müzakirə edəcək. Hakimlər hər zaman düzgün olduqlarını deyirlər. Yəqin yenə düzgün qərar veriblər.

 

- Kapitan sarğısını niyə qəbul etmədiniz?

- Gənclərə şans versək yaxşıdı. Kapitan olmaq istəmirəm. Meydanda olmağım, kapitanlıq kimi bir şeydi.

 

- Oyun ərzində kapitandan daha çox siz göstəriş verirdiniz komanda yoldaşlarınıza...

- Mən komandanın ağsaqqalıyam. 1-2 il “ömrüm” qalıb. Gənclər bu müddətdə nə götürdü-götürdü. Ondan sonra mən də karyeramı bitirəcəm.

 

- 5 futbolçunun cəzalandırılmasının oyununuza daha məsuliyyətlə yanaşmağınıza təsiri varmı?

- Heç bir təsiri yoxdu. Baş məşqçimiz düzgün qərar verib. Onlardansa, yerli uşaqlarımız oynasa yaxşıdı. Bilirik ki, yerlilərdən biri gələcəkdə bizə kömək edəcək.

 

- Özünüzü meydanda necə hiss edirsiniz?

- Yaxşıyam. 3-4 gündü xəstəyəm. O da keçər.

 

- Bəs artıq çəkiniz yoxdu?

- 2 kiloqram artıq çəkim var. Yəqin bugünkü oyunda onu atmışam.

 

- “Neftçi”nin bundan sonra qələbələri sıralayacağını demək olarmı?

- Onsuz da biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Özümü tərifləmək olmasın, neçə oyundu meydanda yox idim. Bu gün olmağım uşaqlarımız üçün də bir stimuldu. Çünki komandamızda futbolçular arasında danışan, göstəriş verən yoxdu. Bu gün həmin funksiyanı yerinə yetirdim.