"Bir az gec ayıldıq" - Mirhüseyn Seyidov
Topaz Premyer Liqasının XI turunda "Neftçi"yə uduzmaqla (1:2), mövsümdə ilk məğlubiyyətini alan "İnter" klubunun futbolçusu Mirhüseyn Seyidov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyət “İnter” üçün gözlənilməz oldu. Heyətlərə də baxanda sizin üstün olduğunuz görünürdü...
- Düzdü, bəlkə də komandamız hardasa arxayınlaşdı. Çünki mətbuatda da oxumuşduq, “Neftçi”nin 5 oyunçusu uzaqlaşdırılıb. Bir az gec ayıldıq, ancaq onda da 2 qol buraxmışdıq. Nə qədər çalışsaq da, bərabərlik qolunu vura bilmədik. Biz də nə vaxtsa, məğlub olmalı idik, bu günə qismət oldu.
- Prezidentin istefası və məğlubiyyət: bunların üst-üstə düşməsi təsadüfdü?
- Bu iki hadisənin bir-biri ilə əlaqəsi yoxdu. Rəşad müəllim (klubun əvvəlki prezidenti Rəşad Qasımov - red) uzaqda deyil, komandaya hər zaman dəstək nümayiş etdirir. Komanda stabil oynayır. Hər şey normaldı. Mövsümdəki ilk məğlubiyyət olsa da, burda dayanmaq, sınmaq olmaz. Çalışacağıq ki, qələbələrə davam edək.
- Oyunun qırılma nöqtəsi kimi, yanlış penalti qərarını göstərmək olarmı?
- Bəli. Cavan hakimlərdi, istəmərik ki, belə səhvlər eləsinlər. Kənardan baxırsan, qərəzli görünür. Düzdü, bizim xalımız əlimizdən getdi. Bir komandanı sındırıb, digərini dirçəltmək düzgün deyil. Əsl rəqabət düzgünlükdədi.
- Fərqlənməyimiz üçün matçın əvvəlində də, sonra da imkanlar oldu...
- Doğrudur, qol imkanlarımız var idi. Biz də çalışırdıq ki, ilk qolu biz vuraq. Çünki hesabda önə keçəndən sonra oyunun hakimiyyəti də əlimizdə olur.
- Liderlərdən uzaqlaşırsız...
- Xal olaraq geri düşürük. Ancaq qarşıda oyunlar çoxdu, çalışırıq ki, çox geri qalmayaq.