“İnter” uduzmadı, hakim qələbə qazandı" – MÜSAHİBƏ

Topaz Premyer Liqasının XI turunda “Neftçi”nin qonağı olan “İnter” cari mövsümdə ilk məğlubiyyəti ilə barışıb. Olimpsport.az xəbər verir ki, oyundan sonra apasport.az saytına müsahibə verən “İnter”in müdafiəçisi Zurab Xizanaşvili penalti epizoduna da aydınlıq gətirib.

 

- Bu hesabı və məğlubiyyəti gözləyirdinizmi?

- Təbii ki, yox. Penalti qərarı hər şeyi həll etdi. Çoxdandı hakimliklə bağlı heç nə demirdim. Bu dəfə referi oyunun nəticəsini dəyişdi. Ən azı 2 metr çöldə olan qayda pozuntusuna görə baş hakim penalti verdi. Hakim sonra səhv etdiyini anladı və üzr istədi. Amma artıq gec idi, oyunun taleyi həll edilmişdi.

 

- Hakimin səhvi oyunun qırılma nöqtəsi oldu, demək olarmı?

- Əlbəttə elədi. Yanlış bir qərar 90 dəqiqənin axarını dəyişdi. Yenə deyirəm, sarı vərəqə ilə razılaşıram. Bu qərarında heç bir problem yoxdu, amma penalti qətiyyən düzgün deyildi. Epizoda diqqətlə baxsın, top mənim əlimə harda dəyib? Bu cərimə meydançasından kənarda baş verib. Belədə necə penalti vermək olar, anlamadım. Meydanda 5 hakim iş görür və yanlış penalti təyin edilir. Nə deyim?

 

- “Neftçi”nin “İnter”ə qarşı bu cür motivasiya olması hardan qaynaqlanır?

- “Neftçi” Azərbaycanın ən böyük klubudu. Bu komandanın nəticəsi hər zaman diqqət mərkəzində olur. Cari mövsümə yaxşı başlamasalar da, onlardan hər zaman uğur gözlənilir. Bu gün də yaxşı oyun nümayiş etdirdilər.

 

- Rəqibin 5 futbolçusunun cəzalandırılaraq əvəzedici komandaya göndərilməsi sizdə arxayınçılıq yaratmış ola bilərmi?

- Bu haqda eşitmişdik. Amma bunun nəticəyə təsir edəcək səbəb olduğuna inanmıram. Bizim problem qol epizodlarımızı realizə edə bilməməyimizlə bağlıdı. Təbii ki, referinin yanlış qərarını da unutmaq olmaz. İlk qolu vurmaq üçün azı iki şansımız oldu. Biz reallaşdıra bilmədik, səhvə yol verdik, rəqib qol vurdu. İkinci qol zamanı nələr oldu, hamı gördü.

 

- Addım-addım liderlərdən uzaqlaşırsınız. Mövsümün sonunda problemlə üzləşməyəcəksiniz?

- Bunu anlayırıq. Çətin vəziyyətdi. “Qəbələ”nin “Qarabağ”la, “Zirə” ilə oyunları var. İndi liderdən 4 xal geri qalırıq. Çalışmalıyıq ki, bu fərq artmasın.

 

- Maraqlıdır ki, “İnter”in ilk məğlubuyyəti prezident dəyişikliyi ilə üst-üstə düşüb. Bu, təsadüfdü?

- Biz yeni prezidentə qələbə hədiyyə edə bilmədik (gülür). Bu gün “İnter” uduzmadı, hakim qələbə qazandı.

 

- Maraqlıdır ki, referi əvvəlcə cərimə zərbəsi təyin etdi. Amma sonradan fikrini dəyişdirib penalti dedi...

- Əgər bu, cərimə meydançasında baş versəydi, hər kəs anlayardı. Amma xeyli kənarda baş verən qayda pozuntusuna görə “nöqtə”ni göstərmək? Referinin cərimə zərbəsi təyin etdiyini mən də gördüm. Sonra yardımçıları onun qərarını dəyişməsinə nail oldu.