“Qəbələ”nin xal itirməsini gözləmirdik” – Rahid Əmirquliyev

Topaz Premyer Liqasının XI turunda səfərdə “Zirə” ilə qarşılaşan “Qarabağ” 2:0 hesablı qələbəyə sevinib. Matç başa çatdıqdan sonra ağdamlıların yarımmüdafiəçisi Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.

 

- İlk hissəni zəif keçirdiz. Komanda ikinci hissədə oynamağa başladı...

- Üç gün qabaq ağır oyun keçirmişdik. Ondan da qabaq AZAL-la sintetik meydanda oynamışdıq. Bilirsiz ki, süni örtük çox yorur. O səbəbdən də bir az yorğunluq var idi. Çətin oldu bizə. Şükür olsun ki, ikinci hissədə lazım olan qolları vura bildik.

 

- Günün digər oyununda “Qəbələ” də xal itirdi. Bununla da xallarınız bərabərləşdi. Bir neçə həftə əvvəl 6 xal olan fərq, artıq aradan qalxıb. Bu barədə nə düşünürsüz?

- Sözün açığı, digər oyunun nəticəsindən xəbərim yox idi. Ancaq bizim xeyrimizə olub.

 

- Gözləyirdinizmi ki, “Qəbələ” ardıcıl xallar itirəcək?

- Əslində, gözləmirdik. Ancaq göründüyü kimi çempionat həm “Qəbələ”, həm də bizim üçün çox çətin keçir. Mümkündü ki, bundan sonra da xal itkiləri olsun. Bizdə də, “Qəbələ”də də. Ona görə, diqqətli oynamalıyıq.

 

- Ancaq bu rəqabət iki komanda – “Qarabağ”la “Qəbələ” arasında gedir. Digər komandalar sanki bir az mübarizədən uzaq düşüblər...

- Doğrudur, “İnter” də mövsümə yaxşı başlamışdı, ancaq son oyunlar bir az büdrədilər. Düşünürəm ki, onları belə erkən silmək olmaz mübarizədən.

 

- Milliyə yorğun gedirsən, yoxsa yaxşıdı vəziyyət? Nəzərə alsaq ki, Avrokuboklarda və çempionatda üst-üstə xeyli oyun keçirmisən...

- Yorğunluq var, ancaq millinin oyunununa kimi arada vaxt çoxdu. Dincəlməyə imkanımız olacaq.

 

- Şimali İrlandiya ilə oyunda şansımız var? İli yaxşı bağlamaq üçün bu fürsətdən yararlanmaq olar?

- Ümid həmişə var. Çexiya ilə oyunda da favorit deyildik, ancaq yekunda istədiymiz nəticəni qazana bildik. Bu dəfə də çalışacağıq ki, əlimizdən gələni edək.(Apasport)