“Rəqib əvvəlki komanda deyil, amma Azərbaycan millisi də güclənib” – Rahid Əmirquliyev

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- DÇ-2018-in seçmə mərhələsinin ilk 3 oyununda qeydə alınan nəticələrdən sonra millimizə inam artıb. Necə düşünürsüz, yığmamız uğurlu seriyanı Şimali İrlandiya ilə matçda da davam etdirə biləcək?

- Komandanın daxilində də inam çoxalıb. Bu görüşə yaxşı hazırlaşırıq. Çətin oyun olacaq. Amma əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə qayıdaq. Futboldu, hər şey ola bilər. Lakin biz üzərimizə düşəni edəcəyik.

 

- Əksəriyyət millidən Belfast səfərində də yaxşı nəticə gözləyir. Bu, komandada əlavə təzyiq yaratmır ki?

- Xeyr. Təzyiq hiss etmirik. Başa düşürük ki, hamı bizdən yaxşı nəticə gözləyir. Bunu reallaşdırmaq üçün bütün gücümüzü meydanda qoyacağıq. Millətimizi sevindirmək istəyirik. Komandada inam var. Uğurlu nəticələrə imza atanda azarkeşlərin də inamı artır. Bunu bacarmışıqsa, deməli, düz yoldayıq. Ancaq işimiz hələ bitməyib. Uğurlu seriyanı davam etdirmək lazımdı.

 

- DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya yığmasından 4 xal almağı bacarmışdıq. Amma razılaşaq ki, rəqib indi daha güclüdü...

- Razıyam, indiki Şimali İrlandiya yığması daha güclüdü. Son Avropa çempionatının final mərhələsində çıxış ediblər. Bu, onların gücündən xəbər verir. Deyərdim ki, rəqib xeyli “artırıb”. Heyətlərində çoxlu hündürboy futbolçular var, standart vəziyyətlərdə yaxşı oynayırlar. Hamı bilir ki, onların ən güclü tərəfi də elə budu. Yenə deyirəm, bizim üçün çox çətin olacaq. Düzdü, Şimali İrlandiya yığması əvvəlki komanda deyil, amma Azərbaycan millisi də güclənib. Bunu son vaxtlar imza atdığımız nəticələrlə sübut etmişik.

 

- Qrupdan çıxmaq mənasında Şimali İrlandiya ilə matçı bizim üçün həlledici hesab etmək olarmı?

- Hələ çox oyun var. Mən bu görüşü həlledici adlandırmazdım. Lakin çox önəmli oyundu. Razıyam ki, yaxşı nəticə qazansaq, qrupdan çıxmağa şansımız çoxalacaq. Biz də bunu dərk edirik və matça ciddi hazırlaşırıq. Milliyə çağırılan hər bir futbolçu əlindən gələni etməyə hazırdı.

 

- Əvvəlki formanızı tam bərpa etdiyinizi deyə bilərikmi?

- Zədədən qayıtdıqdan sonra mənə vaxt lazım idi. İndi özümü çox yaxşı hiss edirəm. Demək olar ki, əvvəlki formamı tam yığmışam. Həm “Qarabağ”da, həm də millidə özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı olmağa çalışıram.(Apasport)