"İstəmərik ki, Azərbaycandan 6 xal geri düşək" - Maykl Onil

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçından öncə ev sahiblərinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirib. Olimpsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı jurnalistlərin süallarını cavablandırıb.


- Sabahkı oyunda Azərbaycan yığmasından nə gözləyirsiniz?
- Azərbaycan yığması seçmə mərhələyə yaxşı başlayıb. 2 qələbəsi var, 7 xal toplayıb. Üstəlik, qapısından top buraxmayıb. Rəqibi analiz etmişik. Müdafiədə daha diqqətlidi. Bu, onların işinə yarayır. Əks-hücumda yaxşı təsir bağışlayırlar, Norveç və Çexiya ilə oyunlarda olduğu kimi bizimlə də eyni üslubda oynayacaqlarını gözləyirəm. Yəqin ki, bura 3 xal qazanmaq üçün gəliblər.


- Bu matçda qalib gəlmək sizin üçün nə qədər önəmlidi?
- Sabahkı oyunda qalib gəlmək bizim üçün çox vacibdi. Daha çox xal toplamağa çalışacağıq, əsas da evdə. Çexiya və Almaniya ilə oyunlardan sonra 4 xalımızın olması pis nəticə deyil. Sabahkı oyunda ancaq qələbə qazanmaq əzmindəyik. İstəmərik ki, Azərbaycandan 6 xal geri düşək.


- 2-ci yeri tutmaqdan savayı aktivdə daha çox xalın olması da vacibdi... 
- Qrupun səviyyəsi yüksəkdi. Almaniyanın qrup qalib olacağını indidən söyləmək olar. 2-ci yeri tutmaq vacibdi. Amma, gərək xal ehtiyatımız da çox olsun. Çünki digər qruplar da var. Maksimum xal toplamalıyıq ki, ikincilər arasında sonuncu olmayaq.


- Azərbaycanın qol buraxmaması sizi təəccübləndirmir ki?
- Düzü, təəccüblənmişəm. Komanda kollektiv oyun nümayiş etdirir. Belə komandalara qarşı oynamaq həmişə çətindi. Rəqibi analiz etmişik, müəyyən boşluqlar buraxırlar ki, onlardan istifadə etməyə çalışacağıq. Heyətdə "Qarabağ"dan 6 futbolçu yer alır. "Qəbələ"dən də futbolçuları var. Bu isə komandanın gücünü göstərir. Oyun cədvəli Azərbaycanın lehinədi. Qazandıqları xallara görə rəqib futbolçularda özünəinam hissi çoxalıb. Bizdə də özünəinam var. Futbolçularla fərdi söhbətlər etmişəm. Hamısı sabahkı oyunun əhəmiyyətini dərk edir. Əsas məqsədimiz daha çox qol epizodu yaratmaq və onlardan maksimum istifadə etməklə qalib gəlməkdi.


- Seçmə mərhələ başlamamış kimsə sizə Azərbaycan yığmasının Belfasta 7 xalla və qrup ikincisi kimi gələcəyini söyləsəydi, inanardız?
- Təəccüblənmədim. Azərbaycanla indiyə kimi 2 dəfə oynamışıq, qalib gələ bilməmişik. Avropa Liqasında 2 təmsilçiləri var. Bu faktlar oyunun çətin keçəcəyindən xəbər verir. Azərbaycana asan rəqib kimi baxmırıq. Digər komandalardan seçmirik. Almaniyanı çıxmaq şərtilə digər 4 komandanın 2-ci yeri tutmaq şansı eynidi.


- Əvvəlki Azərbaycan yığması ilə indiki komanda arasında fərq çoxdu?
- Azərbaycana məğlubiyyət bizə dərs olub. Sabah hansı komandaya qarşı oynayacağımızı yaxşı dərk edirik. Onlarda da, bizdə də dəyişikliklər olub. İndiki komandanı öyrənmişəm və əvvəlkindən daha yaxşıdı.(Apasport)