İspaniyanın baş məşqçisi: "Bu, ani qəbul edilmiş qərar idi"
Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vuruldu.Olimpsport.az-ın məlumatına görə, həlledici oyunda Portuqaliya millisi İspaniyanı oyunsonrası penaltilər seriyasında məğlub edərək çempion oldu.
Oyundan sonra İspaniya millisinin baş məşqçisi Santi Denia jurnalistlərin suallarını cavablandırıb. İspan mütəxəssis öncə bunları deyib:
- Oyuna qələbə üçün çıxmışdıq. Oyunun gedişatından qarşılaşmanın penaltilərə doğru getdiyini gördüm. Buna görə qapıçını dəyişdim. Ancaq alınmadı, məğlub olduq.
- Rəqibdən bu cür oyun gözləyirdiz?
- Rəqibi analiz etmişdik. Necə futbol oynadıqlarını bilirdik. Məncə, oyun bərabər səviyyədə keçdi. Sonda penaltilərdə uduzduq.
- Almaniya ilə oyunda matça sonradan daxil olan Brahim Dias komandaya qələbə qazandırdı. Bu oyunda da bu cür taktiki gedişlər etmək mümkün deyildi?
- Təkcə Almaniya ilə oyunda yox, ondan öncəki matçlarda da etdiyim dəyişikliklər sayəsində qələbə qazanmışdıq. Ancaq bu gün etdiyim dəyişikliklər fayda vermədi.
- Adətən birinci penaltini kapitanlar yerinə yetirir. Ancaq bu gün tərsinə oldu. Bu, sizin göstərişiniz idi?
- Penaltilərdən öncə futbolçunun özüylə danışdım. O, özü sonuncu vurmaq istədiyini dedi. Yəni bu, ani qəbul edilmiş qərar idi. Öncədən planlaşdırmamışdıq.
- Almaniya ilə oyundakı ssenarini təkrarlamağa nə mane oldu?
- Komandanın fəlsəfəsi nədisə, komanda ona uyğun oynamalıdı. Bu matçda İvan Martinin yeri görünürdü. Portuqaliya bu gün yaxşı təsir bağışladı. Qələbəyə görə onları təbrik edirəm.
- Komandanın gələcəyini necə görürsüz?
- Futbolçular hamısı istedadlıdı. Oyundan sonra futbolçularla danışdım və onlara təşəkkür etdim. Onlara bildirdim ki, gələcəkləri öz əllərindədi. İnkişaf etmək üçün öz üzərlərində çalışmalıdılar.