Bunu ancaq Əfran edə bilərdi?

İsgəndər Cavadov, Zaur Tağızadə- biri 80-ci illərdə Sovet Azərbaycanının ən istedadlı hücumçusu idi, digəri müstəqillik dönəminin ən yaxşı yarımmüdafiəçisi. Axırları nə oldu? "Biləcəridən o yana gedə bilmədilər" ifadəsi yerinə düşməz. Hər halda Cavadov, zamanında Moskva "Dinamo"sunu, "Nistru"nu görüb gəlib. Tağızadə isə elə karyerasına başladığı, parladığı "Neftçi"də də futbolu başa vurdu. Bir az Bakı həyatına alışqanlıq, bir az təmbəllik, bir az əyləncə və Zaur artıq "Qarabağ"ın məşqçilər korpusundadır.
 
Cavadov isə heç də deyildiyi kimi Lobanovskinin "bender-millətçi" idealogiyasının qurbanı olmadı. Bu yaxınlarda dostumuz, həmkarımız Sənan Şəfizadənin "11 nömrə" kitabını oxuyub qurtardım. Sən demə, bütün Sovetlər Birliyi, "Neftçi"yə gəlmiş, getmiş məşqçillər kapitanın əlehinə olublar. Əhməd Ələsgərov, Ruslan Abdullayev, Kazbek Tuayev, Ağasəlim Mircavadov- bu adamlar hamısı Cavadova paxıllıq edirmiş. Vallah, bunu nə mən deyirəm, nə də kitabın müəllifi, əfsanəvi futbolçumuzun öz açıqlamalarıdır.
 
***
Dünən yəqin ki, çoxunuz Xəzər TV-ə baxdınız. Millimizin baş məşqçisi Robert Prosineçki Əfran İsmayılovu elə təriflədi ki, elə bildim söhbət Saviçeviçdən, Şukerdən, Bobandan gedir. Halbuki "bunu ancaq Əfran edə bilərdi" deyən adam bilmir ki, "Qarabağ"ın futbolçusu nə Cavadovdan istedadlı olub, nə də Tağızadədən. Prosineçki Şimali İrlandiya ilə oyunda daha çox Dəniz Yılmaza verilən ötürməni misal çəkir, bundan bəh-bəhlə danışır. Yalnız bir ötürmə ilə 90 dəqiqəyə qiymət verilər? Məgər o ötürməyə qədər və o ötürmədən sonra Əfranın dəfələrlə top itkisi olmadı?
 
Millimizin baş məşqçisinin sözündən sonra eləmədim tənbəllik, bu mövsümün statistikasına baxdım. Deməli, Əfran cari çempionatda "Qarabağ"ın heyətində 11 oyundan altısına çıxıb və üst-üstə cəmi 261 dəqiqə meydanda olub. Avropa Liqasında isə 4 matçda 76 dəqiqə oynayıb. Hər oyunda yox ha... cəmi 76 dəqiqə! Səbəb çox sadədir, Dani Kintana həmin mövqedə çox güclüdür, Qurban Qurbanov da ən yaxşıya şans verməlidir. Xatirimdədir, Milinko Pantiç "Bakı"da işləyərkən İsmayılovun bir həftə super oynayıb, sonra 3-4 həftə zədələnməsindən şikayətlənirdi. "Ondan hər zaman nəsə gözləmək olar" deyən baş məşqçi, gözləyin, böyük ehtimalla Azərbaycanın ən istedadlı futbolçusu yaxın vaxtlarda zədələnəcək və yəqin ki, martda ondan istifadə edə bilməyəcəksiniz.
 
***
2000-ci illər idi, indiki Tennis Akademiyası tərəfdə rezin meydançada media turnirinə oxşayan bir yarış keçirilirdi. Niyə oxşayan? Həmin dövrdə belə yarışlarda oynayanların yalnız 20 faizini mətbuat nümayəndələri təşkil edirdi. İlk oyuna çıxmışıq, mən də dayanmışam qapıda. Baxdıq ki, rəqibin heyətində "Xəzər Universiteti"nin üzvü Aqşin Ömərov. Yay vaxtıdır, başıma kepka qoymuşam gün düşməsin. Aqşin zərbələri elə vurur qapıya. elə bil Lələtəpəni alıb, qabaqda Ağdərədir. Tərslikdən də top qapıya girmir ki, girmir. Axırıncı dəfə hətta top gəlib kepkanı da apardı amma qol olmadı. Oyundan sonra Aqşin Ömərovun yanından elə keçdim, heç manat, dollar 78 qəpik olanda onun yanından elə ötmürdü. Ertəsi gün gəldik hansısa dəxlisiz komanda bizə 5 qol vurdu, hamısı da mən qapıçının səhvindən. Halbuki 1-ci oyundan sonra Prosineçki mənə turnirin ən istedadlı qolkiperi mükafatını verərdi.
 
***
Əfranın çıxış etdiyi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media üçün maraqsız məşqçidir, hər dəfə standart sözlər, rəqib haqıında əzbərə çevirilmiş komplimentlər... Amma adam başını aşağı salıb, işini görür. Eyni sözləri arada bir hakimlərlə qırğına çıxmasa Roman Qriqorçuk haqqında da demək olar. Bu məşqçilərin bir-birinın haqqında, eləcə də digər həmkarlarının ünvanına mənfi nəsə demələrini xatırlamıram. Prosineçki dünən Berti Foqtsun zamanındakı millini ağ yuyub qara sərdi. Bəli, Bertinin vaxtında nəticələr zəif idi, komandanın oyunu oyun deyildi. Amma həmkar həmrəyliyi deyilən bir anlayış var. Gedənin dalınca danışanın da bir gün dalınca vedrə bağlayırlar.
 
Əfran İsmayılov Topaz Premyer Liqasında
 
1-ci tur. "İnter” – "Qarabağ” 2:1 (76-cı dəqiqədə Əmirquliyevi əvəzləyib)
2-ci tur. "Sumqayıt” – "Qarabağ” 0:2 (meydana çıxmayıb)
3-cü tur. "Qarabağ” – "Neftçi” 3:0 (70 dəqiqə meydanda olub)
4-cü tur. "Qarabağ” – AZAL 6:0 (meydana çıxmayıb)
5-ci tur. "Qarabağ” – "Zirə” 2:0 (57 dəqiqə meydanda olub)
6-cı tur. "Kəpəz” – "Qarabağ” 1:1 (66-cı dəqiqədə Ndlovu əvəzləyib)
7-ci tur. "Qəbələ” – "Qarabağ” 2:0 (meydana çıxmayıb)
8-ci tur. "Qarabağ” – "Sumqayıt” 3:0 (meydana çıxmayıb)
9-cu tur. "Neftçi” – "Qarabağ” 0:2 (meydana çıxmayıb)
10-cu tur. AZAL – "Qarabağ” 0:1 (62-ci dəqiqədə Əmirquliyevi əvəzləyib)
11-ci tur. "Zirə” – "Qarabağ” 0:2 (58 dəqiqə meydanda olub)
UEFA Avroliqa "Qarabağ” – "Slovan” 2:2 (76-cı dəqiqədə Qarayevi əvəzləyib)
"Fiorentina” – "Qarabağ” 5:1 (60 dəqiqə meydanda olub) "Qarabağ” – PAOK 2:0 (meydana çıxmayıb)
PAOK – "Qarabağ” 0:1 (88-ci dəqiqədə Muarremi əvəzləyib)
 
ELNUR MƏMMƏDLİ