"Şahdağ"ın yeni çalışdırıcısının adına aydınlıq gəlib

“Şahdağ”ın yeni baş məşqçisinin kimliyi bəlli olub. Olimpsport.az xəbər verir ki, komanda müvəqqəti olaraq Kamran Nurəhmədova həvalə olunub.

 

Bu barədə klubun vitse-prezidenti Rüstəm Əzimov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, Adil Mahmudov öz istəyi ilə baş məşqçi postundan istefa verib: "Klub Mahmudova gördüyü işlərə görə öz minnətdarlığını bildirir. Belə ki, o, “Şahdağ”ın ən ağır günlərində kluba gələrək komandaya kömək edib. Onun klub qarşısındakı xidmətləri yüksəkdir. Və biz, bunu qiymətləndiririk”.

 

Qeyd edək ki, “Şahdağ” klubu 1967-ci il təvəllüdlü Kamran Nurəhmədovu cari mövsümdə futbolçu kimi sifariş verib. 49 yaşlı mütəxəssis I divizion oyununda meydana da çıxaraq, rekorda imza atıb. Kamran bəyin oğulları Kamil və Habil də hazırda Qusar klubunun formasını geyinir.(fanat.az)