"Davam etsəydim nəsə düzəltmək mümkün idi" - Adil Mahmudov

"Turan Tovuz"la görüşdən sonra postundan ayrılan  "Şahdağ"ın baş məşqçisi Adil Mahmudov sport7.az saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir. 
 
- "Şahdağ"dakı missiyanız başa çatdı deyəsən..
 
- Bəli, çox üzücü də olsa elədi.
 
- Niyə bu qərara gəldiz? Bəlkə davam edərdiz, futboldu hər şey ola bilər...
 
- Davam etsəydim nəsə düzəltmək mümkün idi. Amma bəzən psixoloji gərginlik, insanı tələsdirir. Elə bir məqam yaranır ki, getmək lazım olduğunu hiss edirsən. Amma qalıb davam etmək istərdim, çünki klubun gözəl rəhbərliyi, yaxşı, döyüşkən futbolçuları var. Fikirləşdim ki, mənim getməyimlə komanda düzələr bəlkə. Elə məşqçilər var ki, uğursuzluqlarda komandasını, köməkçilərini, qapıçını filan günahlandırır. Amma mən komandanın yaşaması üçün bütün zərbələri öz üzərimə götürdüm. Qusarın fantastik azarkeşləri var. Komandanı lazımi şəkildə dəstəkləyirlər.
 
- Klub rəhbərliyi istefanızı dərhal qəbul etdi. Belə çıxır onlar da getməyinizi məqsədəuyğun bilirdi?
 
- Hələ xəbər yoxdu. Sadəcə, sağollaşmışıq. Klub rəhbərliyi buna özü qərar verəcək. Bütün zərbələri üzərimə götürdüm. Komandanın gələcəyi üçün qurban verilməli olan adam varsa, bunu öz boynuma götürdüm. Bəzi məşqçilər özündə günah axtarmır, problemlər olduğunu deyir.  Amma heç bir problem yoxdu, hər şey yaxşıdı. Komanda məğlub olandan sonra guya oyun satdığımızı deyirdilər. Sizi tam əmin edirəm ki, vallah elə bir şey yoxdu. Komanda şəffafdı. Deyilənlər isə hamısı şər, böhtandı. Bəlkə də məni ən çox bezdirən bu söz-söhbətlər oldu. Kim istəyər ki, işindən ayrılsın.
 
- Məşqçiliyiniz müddətində "Şahdağ" bəlkə də tarixində uduzmadığı komandalara yenildi. Bunun səbəbi nədi? Təkcə maliyyə problemləridi?
 
- Maliyyə məsələsinə ancaq klub rəhbərliyi cavab verə bilər. Amma psixoloji durum normal, uşaqlar da bir-birilərilə mehriban idi. Sadəcə, bəzən alınmır. Sonuncu "Turan Tovuz"la oyunda komanda demək olar toparlanmışdı. Lakin 11 metrlik cərimə zərbəsi və məğlubiyyət... "Turan Tovuz" birinci yerdə gedir, onları təbrik edirəm. Səfərdə 75-ci dəqiqəyə qədər bu rəqiblə 0:0 oynamışıq. Düzdü həm onların həm də bizim real qol vəziyyətlərimiz olub. Sona yaxın penaltidən qol buraxmağımız yenə çətinlik yaradır.
 
- Deməli psixoloji problemlərdən yaxa qurtara bilmirdiz...
 
- Hə də, elə şeylər var ki, mən tək bacarmıram. Amma sevinirəm ki, Qusarda mobil komanda yaratmışam. Məşqçi odu ki, gedəndən sonra özündən sonra nəsə qoysun. Mən də körpü yaratdım. Keçən il mən gələndə komandanın 1 xalı vardı. Ardıcıl 9 oyun qələbə seriyasını davam etdirdim. Bu, üstəgəl, mərkəz xəttindən arxada, təxminən 60 metrdən "Şəmkir"ə vurduğumuz qol da rekord oldu. Bunlar tarixə düşəsi bir şeydi.
 
- "Şahdağ"da təxminən 1 ilə yaxın işlədiz. Nə düşünürsüz bu müddətdə kluba nə verdiz?
 
- Ən azı "Şahdağ"ı "quyunun dibindən" çıxara bildim.  Orda azarkeşlərin rəğbətini qazandım. Futbol gəldi-gedərdi. Əsas odu ki, orada dostlar qazana bildim. Komandaya qarşı başqa söz-söhbətlər olmaması üçün özümü qurban verdim.
 
- Maaşla bağlı problemlər vardı? Görünür uğursuzluğun əsas səbəbi budu. 
 
- Çox xahiş edirəm bu haqda sual verməyin. Maliyyə söhbətinə qarışmıram. İstərdim ki, bu sualın üzərindən keçək. Hər şey qaydasındadı. Mən bacardığımı etdim. Komandada nə qədər transfer oldu. "Qəbələ"yə  və digər komandalara futbolçular verdim. 
 
- Bundan sonra karyeranızla bağlı nə düşünürsüz? Xaricə getmək planınız var?
 
- Yəqin ki, bir müddət dincəlməyə ehtiyac olacaq. İnandırım sizi ayrılan kimi bir neçə nəfər zəng vurub görüşmək istəyir. Xaricə getmək variantı da var. Amma Azərbaycanda qalmaq mənim üçün daha yaxşıdı. Xaricdə olanda darıxmaq amilləri ortaya çıxır. Elə anlar olur ki, dostlar-tanışlarla görüşmək istəyirsən. Vətəndə olanda bunu edirsən, jurnalistlərlə rahat şəkildə danışa bilirsən (gülür). Başqa ölkədə çətin olur. Yenə də Allah bilən məsləhətdi...