Uşu növündə təmsilçilərimiz 3 gümüş medal aldılar
2017.05.22 16:24
Mayın 22-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının final görüşləri keçirilib.
"Olimpsport.az" xəbər verir ki, finalda 3 idmançımız qızıl medal uğrunda mübarizə aparıb. Onların hər üçünün də rəqibi İran idmançıları olub.
İdmançılarımızdan ilk olaraq mübarizəyə 56 kiloqram çəki dərəcəsində çıxış edən Elçin Eminov qoşulub. Onun finaldakı rəqibi Mahdi Mohammadi olub. Elçin Eminov İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. O, rəqibinə 2:0 hesabı ilə uduzub.
Növbəti gümüş medalı 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov qazanıb. İdmançımız həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb.
Azərbaycan idmançılarının İslamiadanın uşu yarışlarında üçüncü gümüş medalını isə Vüqar Kərəmov qazanıb. Yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov həlledici görüşdə Saeid Fazeli ilə qarşılaşmada uğur qazana bilməyib. Qarşılaşma 0:2 hesabı ilə İran idmançısının qələbəsi ilə başa çatıb.