Döyüşçümüz idman nazirliyinin qarşısında intihar etmək istəyib
Döyüşçü Emin İsmayılov idman nazirliyi qarşısında ölkədə bəzi idmançılara göstərilən soyuq münasibətə görə təkbaşına etiraz aksiyası edib. O, qabda özü ilə yanacaq gətirib nazirliyin binasının qarşısına səpib və yaxına gələn olsa, özünü yandıracağını deyib. Eminin əsas etirazı onun üç ildir ki, yarışda sifət nahiyəsindən aldığı ciddi zədəsini əməliyyat etdirə bilməməsi olub. Bunun üçün Emin İsmayılovun idman nazirliyinə etdiyi müraciətə müsbət cavab verilməyib.
Xatırladaq ki, bir neçə gün öncə Emin İsmayılov "olimpsport.az"la əlaqə saxlayıb səsini prezident İlham Əliyevə çatdırmağı xahiş etmişdi. İdmançı üç ildir aldığı zədədənin ağrılarından yata bilmədiyini bildirib. Onun bildirdiyinə görə, dünyada iki idmançı sınıq sifətlə qələbə qazanıb. Biri üç qat Olimpiya çempionu, Buvaysar Saitiyev və o biri idmançının isə özü olduğunu qeyd edib.
Emin İsmayılov ümumiyyətlə təkcə ona qarşı yox, başqa idmançılara da olunan haqsızlıqdan dəfələrlə öz feysbuk səhifəsində yazılar dərc edib. Hətta O, idmançıların hüquqlarını müdafiə etmək məqsədi ilə ictimai birlik yaratmaq istəyib.
Qeyd edək ki, hələlik nazirlik tərəfindən məsələyə münasibət bildirən yoxdur.