Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir.
Sərbəst və Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalar yanvarın 14-dən fevralın 1-dək cari ilin ilk təlim-məşq toplanışında iştirak edəcək. Təlim-məşq toplanışına Qazaxıstan və Ukrayna sərbəst güləş yığma komandaları da qoşulub.
Bu gün Federasiyanın 1-ci vitse-prezidenti Firdovsi Umudov hər üç yığma komandanın məşq prosesini izləyib, güləşçilərin hazırki vəziyyəti və qarşıdan gələn yarışlara hazırlığı ilə tanış olub. Yığma üzvləri ilə söhbət edən Firdovsi Umudov ilk növbədə idmançıların nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib:
"Hər bir idmançı ilk növbədə nizam-intizamlı olmalıdır. Uğur qazanmaq üçün intizamlı olmaq, proqram əsasında çalışmaq vacibdir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Qazanılan qələbələr ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Çalışmaq lazımdır ki, bundan sonra da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün Federasiya rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Federasiya prezidenti cənab Fazil Məmmədov yığma komandaların hazırlıq prosesini daim nəzarətdə saxlayır”.
Təlim-məşq toplanışlarının artıq başladığını deyən 1-ci vitse-prezident güləşçilərin məşq proseslərindən maksimum yararlanmalı olduqlarının vacibliyini bildirib:
"Bizim üzərimizə, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ hazırlıqları ən yüksək səviyyədə davam etdirmək və qələbələr qazanmaqdır. Güləşçilər özləri də fiziki və taktiki hazırlıqlarının artırılması üçün məşq proseslərindən maksimum faydalı istifadə etməyə çalışmalıdır. Hər bir yığma komanda üzvünün qələbə qazanmaq potensialı var, sadəcə əzmlə çalışıb mövcud potensialı ortaya qoymaq lazımdır”.