"İnsafən, Mariya Stadnik kimi idmançıya adamın dili də gəlmir legioner desin"

3-cü hissə...

Legionerlər niyə bizim dilimizi və himnimizi öyrənmirlər?

İdmançılarımızın milli dəyərlərimizə, dilimizə yanaşması mövzusunda elə qaldığımız yerdən davam edək. Fikrimcə, bundan sonra legionerləri milliyə dəvət edəndə müəyyən müddət ərzində onlara dilimizi və dövlət himnimizi öyrənməyi şərt qoymalıyıq. Yeri gəlsə, onlar üçün dil kursu da təşkil etmək olar. Bu, Azərbaycan Güləş Federasiyanın nizamnaməsində də əks olunmalıdır. İnanın ki, belə olan halda həmin legionerlər hara gəldiklərini biləcəklər və bizə hörmətlə yanaşıb, özlərində məsuliyyət də hiss edəcəklər. Çünki, özünə hörmət qoyan həmişə hörmət qazanar. İstər doğma qardaşım da olsa, bu amilləri deməyi özümə bir azərbaycanlı kimi borc bilirəm. Heç kim məndən inciməsin. Azərbaycanda demək olar ki, güləş ailəsinin bütün üzvləri ilə ən azı üzdən tanışıq və hamısına da böyük hörmətim var. İstər federasiya işçiləri, istər yığma məşqçiləri, istərsə də idmançılar. Mənim kiminsə işinə mane olmaq fikrim də yoxdur. Allah şahiddir ki, güləşimizin inkişafı naminə ictimai istəkləri nəzərə alıb, belə yazılar yazıram. Burada milli naminə şəxsi münasibətləri bir kənara qoymalıyıq. Sən demə dostumdur, mən deməyim qohumumdur, o deməsin ayıbdır, yaxşı deyil, inciyərlər və s. Bəs kim desin? Dinimizdə də var ki, dost elə dostun səhvini deyər ki, bir daha o səhvi təkrarlamasın. Bunu qarşı tərəf də yüksək peşəkarlıqla qarşılamalıdır. Çoxları bu cür yanaşmanı tənqid hesab edirlər. Amma mənə görə, doğru sözü demək və bunu paylaşmaq tənqid yox, hardasa təklif kimi qəbul olunmalıdır. Gəlin bundan sonra dilimizə, milli dəyərlərimizə və kimliyimizə bacardıqca hörmət edək. Legionerlər də bunu başa düşməlidirlər ki, hər hansı millinin şərəfini qoruyursansa, çörəyini yeyirsənsə, həmin yığmanın prinsiplərinə sadiq olmaqla yanaşı, komandaya bir idmançı kimi də can yandırmalısan. Yoxsa, bu dəyərlərə sadiq qalmayandan sonra Osman Nurməhəmmədov və digərləri kimi nə qədər medal qazanırsan, qazan. O yer kimə lazımdır, o bürünc medal nəyi həll edir ki? Uzaq başı uduzsaydı, komanda hesabı 4-cü yox, 5-ci olacaqdıq də. Nəsə böyük bir hadisə baş verməyəcəkdi ki? 4-cü yeri tutub nə etdik ki? Şəxsən mənim üçün 79 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Yusiflinin göstərdiyi əzmkar güləş və tutduğu 5-ci yer Osmanın bürüncündən üstündür. Bilirəm ki, sırf öz məktəbimizin yetirməsidir. Bu gün uduzar, sabah udar. Udmasa da, bilirsən ki, axırda burada qalıb vətənə ya müəllim, ya orqan işçisi, ya da bir vətəndaş kimi xidmət edəcək. Qazandıqları da burada qalacaq. Yoxsa, legionerlər kimi pulu, titulu yığıb gedib, öz ölkələrinə sərf etməyəcək. Yeri gəlmişkən, Mariya Stadnik kimi, Şərif Şərifov kimi legioner ola, deyəsən, hə. Az olsun, amma faydalı olsun. İnsafən Mariya Stadnik kimi idmançıya adamın dili də gəlmir legioner desin. Yuxarıda qeyd etdiyim milli dəyərlərimizə əlindən gələn qədər əməl edir. Nəticəsi də ki, üst səviyyədə. Bax bizim istədiyimiz legioner budur. Başqa bizim hansısa bir legionerin şəxsiyyəti ilə bir işimiz yoxdur.

Azarkeşlərimiz legionerlərin qələbəsinə niyə sevinmirlər?

Əslində heç legionerlərdə də bir təqsir yoxdur. Qardaş, dəvət edirlər, gəlirlər də. Təqsir legioner siyasətini düzgün aparmayanlardadır. Onları yığıb, bura gətirənlərdədir. Vallah, gözümün şahidiyəm ki, əksər güləş sevərlər yarışda onların məğlub olmasını istəyirlər, nəinki qalib gəlməsini. Lazım olsa, sorğu keçirib yüzlərlə belə azarkeş ortaya çıxararam. Hər belə yazım işıq üzü görəndə güləş ictimaiyyətinin tanınmış üzvlərindən tutmuş sadə güləş sevərlərə qədər aldığım məktublar, xoş sözlər, dəstəklər bunu deməyimə əsas verir. İnanın ki, az qala mənimlə döyüşə getmək istəyən adam kimi güləşimizin təəssübünü çəkən insanlar mənə müraciət edib, hara qədər deyirsən, səninlə gedirik, arxandayıq kimi fikirlər deyirlər. Mənim isə mövqeyim fərqlidir. Mən bu yola güləşimizin üstünə getmək üçün yox, güəşimizə dəstək olmağa çıxmışam. Azərbaycanda ilk dəfə "Güləş" jurnalını yaradan bir adam kimi ömrümün çox hissəsini güləş yolunda keçirmişəm, araşdırma, təhlil, mütaliə və xidmət etmişəm. Həm məşqçi kimi, həm də jurnalist kimi ölkə başçısı, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti cənab İlham Əliyevin Olimpiya Hərəkatının təbliğatçısı olmuşam. Mən özümü güləş ailəsindən heç vaxt ayrı hesab etməmişəm. Vallah, bu hal bir tərəfdən yaxşı hal da deyil. Nəyə görə güləşsevərlər güləşdən küskün olmalıdırlar? Axı, ortada ən azı vaxtını ayırıb, böyük həvəslə, ümidlə güləşimizi seyr edən və sevən azarkeş toplumunun haqqı var. İnanın ki, bizim idmançılar da gedib, Dağıstanda legioner həyatı yaşasalar, onlar da bunu qısqanclıqla qarşılayacaqlar. Bu da təbiidir. Çünki biz qafqazlılar çox yerli pərəstik, millətçiyik, vətənpərvərik və s.

(Ardı var...)

Ramin Allahverdiyev