Mahir Məmmədov: Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 176 ölkə qeydiyyatdan keçib
Bakı möhtəşəm şahmat yarışına hazırlaşır. Avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq. Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir.
Olimpsport.az xəbər verir ki, bu sözləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlərin də təşkilini nəzərdə tutduğunu bildirən M.Məmmədov deyib: “Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər. Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2 min 245-i artıq viza alıb. Qalanları isə vizalarını aeroportda alacaq. Bu proses heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır”.
Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək.