Yeniyetmə taekvondoçularımız dünya birinciliyində mübarizə aparacaq

Avqustun 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək.

"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb. Dörd gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov mundialda 11 idmançıya şans verəcək. Dünya çempionu adı uğrunda İlknur Əlimov, İlyas Hətəmli, Novruz Əliyev, Əliheydər Quliyev, Səfər Əlizadə, Tamerlan Yaqubov, Leyla Kərimova, Humay Dadaşova, Şəms Əlizadə, Nilufər Borji və Fatimə Həsənova dayanq üzərinə çıxacaqlar.

Bu gün səfərə yollanan komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov rəhbərlik edəcək.

Qeyd edək ki, yığma sentyabrın 1-də Bakıya dönəcək.