Hacı Əliyev Avropa çempionatını buraxacaq

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

"Olimpsport" "Report"a istinadən xəbər verir ki, bu barədə üçqat dünya və dördqat Avropa çempionu məlumat verib.

32 yaşlı idmançı bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open”ə (10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq Avropa çempionatına (12-18 fevral) qatılmayacaq: “Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşıram”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında Bakıda təşkil ediləcək.