Qalen Smit: “Azərbaycan çempionu olmaq istəyirəm”
“Azərbaycan çempionu olmaq istəyirəm”.
"Olimpsport" xəbər verir ki, bunu “NTD-İndiqo”nun basketbolçusu Qalen Smit klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Xaçmaz təmsilçisinə yeni transfer olunan 25 yaşlı oyunçu keçidini dəyərləndirib: “NTD-İndiqo”nun bir hissəsi olmaqdan məmnunam. Agentim mənə dedi ki, Azərbaycandan təklif var. Onu qəbul etməyə qərar verdim”.
Basketbolçu yeni komandasına titullar qazanmaqda kömək etmək istədiyini söyləyib: “İddialı komandamız var. Azərbaycan Liqası haqqında ətraflı məlumatım yoxdur. Ancaq buraya gəlməzdən əvvəl “NTD-İndiqo”nun bir neçə oyununa baxdım. Komanda çox yaxşı təəssürat yaratdı. Klubuma titullar qazanmaqda kömək etmək istəyirəm”.
Qeyd edək ki, son olaraq Gürcüstanın “Kavkasia” klubunda çıxış edən Qalen Smit “NTD-İndiqo” ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. Komanda Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 17 xalla ikinci pillədə qərarlaşıb. Lider “Sabah” da eyni xala malikdir.