Toto Volff “Mercedes”lə müqaviləsinin müddətini uzadıb

Toto Volff yaxın perspektivdə “Mercedes” komandasının rəhbəri postunda qalacaq.

"Olimpsport" xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, Volff “The Telegraph”a müsahibəsində müqaviləsinin daha üç il uzadılacağını təsdiqləyib.

Volff Ştutqart konserninin zavod komandasının səhmlərinin üçdəbirinə sahibdir, yerdə qalan pay isə yarıbayarı “Mercedes-Benz Group AG” ilə Böyük Britaniyanın “Ineos” korporasiyasına məxsusdur. “Biz bir-birimizə etibar edirik. Fikrimcə, bu, bizim üçtərəfli münasibətlərimizdə ən başlıca amildir. Digər tərəfdən mən də komandanın səhmdarıyam və investisiyaların qaytarılmasında maraqlıyam. İnvestisiyaların qaytarılmasına nail olmağın ən yaxşı üsulu isə qələbədir. Mən bu vəzifədə ömürlük qalmayacağam, əgər işi daha yaxşı bacaran insanı görsəm, bu məsələyə anlayışla yanaşaram. Mən komandada müxtəlif funksiyaları yerinə yetirirəm. Eyni zamanda, komandanın ortaqlarından biriyəm və direktorlar şurasının heyətindəyəm. Bu gün qarşımızda duran çağırışların öhdəsindən gəlmək çətin olsa belə, onları qəbul etməyə hazıram”, - deyə komandanın rəhbəri qeyd edib.

Toto Volff, həmçinin izah edib ki, onun “Mercedes”lə yeni müqaviləsində komandanın hansısa konkret nəticələrə nail olması barədə şərtlər yoxdur. O deyib: “Mənim müqavilələrimdə heç vaxt bu cür qeyd-şərtlər olmayıb. Siz ya bir-birinizə etibar edirsiniz, ya da etmirsiniz. Biz səhmdarlar olaraq, bir-birimizlə əlaqəli fəaliyyət göstəririk”.