MOK-un təsis etdiyi televiziya festivalının açılış mərasimi olub

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi keçirilib.

"Olimpsport" xəbər verir ki, tədbir Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Açılışda festivalın münsiflər heyətinin üzvləri, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, müxtəlif federasiyaların rəsmiləri və Azərbaycan idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Çingiz Hüseynzadə ilk festivalın iki il əvvəl Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunduğunu bildirib: "Sonra qərara aldıq ki, festivalı ənənə halına salaq. İdman müsabiqədir, yarışdır. İdmana aid müsabiqə keçirmək də maraqlı oldu. Federasiyalar da bu istiqamətdə fəal iştirak edir, filmlər, videoçarxlar çəkirlər. Bu festival Azərbaycan idmançılarına dəstək olacaq. Festival idman günü ərəfəsində başa çatacaq. Mənim arzum odur ki, Azərbaycanda idmançılara, qəhrəmanlara həsr olunmuş bədii filmlər çəkilsin. Ümid edirəm ki, bu festival gələcəkdə belə filmlərin ərsəyə gəlməsinə gətirib çıxaracaq".

Ardınca MOK-un yeni himninin klipi ictimaiyyətə təqdim olunub.

Daha sonra söz “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın sədri Zemfira Meftahətdinovaya verilib. Olimpiya çempionu festivalı ikinci dəfə təşkil etməkdən məmnunluq duyduqlarını söyləyib: "Çox gözəl nominasiyalar var. Hər kəsi burada iştiraka dəvət edirəm. Güclü qalib gəlsin".

Festivalın münsiflər heyətinin üzvləri və tərəfdaşlar da fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıblar.

Sonda “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində sərbəst güləşdə olimpiya çempionu olmuş Toğrul Əsgərov haqqında çəkilən "Ərtoğrul" filmi nümayiş olunub.