Media nümayəndələri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındakı son yeniliklərlə tanış olublar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) media nümayəndələri üçün tur təşkil edilib.

"Olimpsport" xəbər verir ki, mediaturun əsas məqsədi akademiyada edilən köklü dəyişiklikləri ictimaiyyətə çatdırmaqdır.

Öncə 2017-ci ildə fəaliyyətə başlayan elmi-tədris laboratoriyasına baxış keçirilib. KİV nümayəndələri burada idmançıların tibbi müayinələrdən keçməsi üçün yüksək səviyyəli şəraitin yaradılması barədə məlumatlandırılıb.

Sonra onlar akademiyanın iki və üç nömrəli tədris binaları ilə tanış olublar. ASAPES-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Musa Rəhimov bildirib ki, yeni təmir edilmiş üç nömrəli korpusda yerləşən otaqların hər birinə akademiyanın şəhid məzunlarının adı verilib.

Media nümayəndələri idman jurnalistikası ixtisasının tələbələri üçün nəzərdə tutulmuş multimedia mərkəzi, müasir standartlara cavab verən tədris auditoriyaları və karyera mərkəzlərini də gəziblər.

Sonda onlara ASAPES-in arxasında, "ABU Arena"nın yanında yerləşən yeni istifadəyə verilmiş üzgüçülük hovuzundakı şəraitlə bağlı məlumat verilib.