ASAPES-də beynəlxalq magistratura və ikili diplom proqramlarının təqdimatı olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) beynəlxalq magistratura və ikili diplom proqramlarının imkanları ilə bağlı təqdimat keçirilib.

"Olimpsport" xəbər verir ki, tədbirdə ASAPES-in magistratura şöbəsinin müdiri Nərgiz Kosayeva beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışıb.

Bildirilib ki, proqramın əsas məqsədi ölkədə gənclər arasında yüksək keyfiyyətli kadrların yetişdirilməsidir.

Qeyd olunub ki, 7 ixtisas üzrə magistr proqramına Azərbaycan və rus dillərində fiziki tərbiyənin nəzəriyyəsi və metodikası, idman məşqinin nəzəriyyəsi və metodikası, bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat, ingilis dilində idman jurnalistikası, idman menecmenti, idman tibbi və reabilitasiya, rus dilində isə idman menecmenti (MGİMO ilə ikili diplom) ixtisasları daxildir. Tələbələr 2500 manat təhsil haqqı ödəməklə bu ixtisaslar üzrə xaricdə təhsil ala bilərlər.

Sonra xaricdə təhsilin yaratdığı imkanlardan, magistratura pilləsi üzrə həyata keçirilən ikili diplom proqramları haqqında ətraflı danışılıb.

Sonda bu proqramlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, diskussiyalar təşkil edilib.