Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Litvaya səfər edib

Litva Milli İdman Agentliyinin dəvətinə əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib.

"Olimpsport" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “NBA Basketball School” basketbol məktəbinə və Litva Böyük Hersoqlarının Sarayına ekskursiya edib.

Ardınca Litva Körlinq Federasiyasının baş katibi ilə görüş keçirilib, basketbolun Azərbaycanda inkişafı barədə danışıqlar aparılıb. Səfər müddətində Vilnüsdə yerləşən tennis, badminton və squaç idman növləri üçün nəzərdə tutulan “SEB Arena"ya ziyarət təşkil olunub.

Daha sonra İdman Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə idmanın inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.