Azad Rəhimov: “Sabah cüdoçularımızdan medallar gözləyirik”

“Birinci dəfə deyil ki, Bakıda Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəxalq turnir keçirilir. Bu dəfə fərq ondadır ki, “Böyük dəbilqə” turnirinə 76 ölkədən 400-dən çox idmançı qatılıb. Üstəlik, yarış Rioya lisenziya xalları verir. Bakıya dünyanın ən güclü idmançılari toplaşıb”.

Olimpsport.az saytına açıqlamasında bu sözləri Gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində idmançılarımızdan uğurlu nəticə gözlədiyini qeyd edib: “İdmançılarımızın çox yaxşı şansı var. Sabah onlardan medallar gözləyirik”.

Azad Rəhimov “Böyük dəbilqə” turnirinin təşkilatçılığından razılığını ifadə edib: “Dünya cüdo federasiyasının rəhbərliyi burdadı. Sabah federasiyanın prezidenti də Bakıya gələcək. Qonaqlar təşkilatçılıqdan və idman qurğusundan razıdırlar. Otellər, məşq zalları, qidalanma yüksək səviyyədə təşkil olunub”.