Yüksək Liqa: “Azərreyl” liderliyini qoruyur

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib.

"Olimpsport" xəbər verir ki, XX turun və ikinci dövrənin son matçında “Abşeron” və “Azərreyl” klubları üz-üzə gəliblər.

Qarşılaşmaya daha yaxşı başlayan “Abşeron” 2:0 hesabı ilə önə keçib. Lakin təşəbbüsü ələ alan “Azərreyl” növbəti iki seti aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib (2:2) və tay-brekə ehtiyac yaranıb.

Həlledici hissədə isə daha dəqiq oynayan “Azərreyl” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu oyunda ölkə çempionatı tarixində ilk dəfə “Challenge” sistemi tətbiq olunub.

Beləliklə, “Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 23 xalla (8 qələbə ) 2-ci, 21 xalla (7 qələbə) “Abşeron” 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.