"Qarabağ" "Slovan"ın məşqçisinin gözünü qorxutdu: "Çox təhlükəlidilər"

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Qarabağ" - AZAL oyununu izləyənlər arasında Çexiyanın "Slovan"  klubunun məşqçisi Yaroslav Köstl də olub. 

Olimpsport.az xəbər verir ki, o, matçın fasiləsi zamanı həmkarlarımızın  suallarını cavablandırıb:

- İlk hissədən sonra hesabın 3-0 olması gözünüzü qorxutmur?
- "Qarabağ" güclü komandadı. Fərdi ustalıqları ilə seçilən futbolçuları var. Misal üçün, Reynaldo, Riçard Almeyda, Kintana. Bunlar çox təhlükəli futbolçulardı. 

- Sizcə, cütün favoriti kimdi?
- Mən "Slovan"ı təmsil etdiyim üçün, öz komandamı qeyd edə bilərəm. Amma "Qarabağ"ın "Viktoriya"ya qarşı hər iki oyununu izləmişəm. Həqiqətən də, Azərbaycan klubu çox yaxşı təsir bağışlayır. 

- Razısızmı ki, "Viktoriya" ilə oyunda Çexiya klubunun bəxti gətirdi?
- Bəli, bununla razıyam. Əgər Migel Madera boş qapıya topu vura bilsəydi, "Viktoriya" üçün hər şey bitmişdi. 

- Necə düşünürsüz, qrupun favoriti kimdi?
- Əlbəttə, "Fiorentina". Ancaq mən də "Slovan"lıyam. Ümid edirəm ki, bizim komandamız ikinci pilləni tutacaq. Bakı və Florensiya gözəl şəhərlərdi. 

- İlk oyunu "Qarabağ"a qarşı oynamağınız sizin üçün üstünlükdü?
- Bəli. Bilirəm ki, bizimlə oyun "Tofiq Bəhramov "da yox, "Dalğa Arena"da baş tutacaq. "Dalğa Arena"da  azarkeş tutumu az olsa da,  "Qarabağ"ın  fanatlarının komandalarına yüksək səviyyədə dəstək olacağını da bilirik.    

- "Qarabağ"la ilk oyunda neçə xal qazanmağı hədəfləyirsiz? 
- Hər iki oyunda 3 xal qazanmaq niyyətindəyik. (futbol11.az)