"Hər kəs düşünür ki, asandır, amma belə deyil" - Yunuszade

Premyer Liqanın 4-cü turunda "Qarabağ" "Əlincə Arena"da qəbul etdiyi AZAL-ı 6:0 hesabı ilə darmadağın edib.

 

Olimpsport.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun müdafiəçisi Elvin Yunuszadə Sportal.az-a müsahibə verib:

 

- Bu oyunu sizin üçün yüngül məşq adlandırmaq olar?
- Xeyr, biz bütün oyunlara ciddi hazırlaşırıq. Düzdür, bu gün oyunumuz yaxşı alındı. Hər kəs düşünür ki, asandır, amma heç bir oyun belə deyil. Düzdür, bizdə də çatışmamazlıqlar var idi. Bu gün bizimdə bəxtimiz gətirdi. Demək olar ki, əlimizə düşən bütün imkanları, qola çevirə bildik. Bu oyun ''Slovan''la matçdan öncə, bizim üçün əla motivasiya oldu.


- Oyun ''Dalğa Arena''da olacaq. Bu sizə hər hansı cəhətdən mənfi təsir edəcəkmi?
- Düzdür, biz Respubilka Stadionuna öyrəşmişik. Mən də, uzun müddətdir ki, ''Dalğa Arena''da futbol oynamıram. Ancaq stadion amili bizim üçün səbəb olmamalıdır. 

 

- Bədavinin yoxluğunda, sən forma şansı qazanırsan. Qurban Qurbanov da bildirdi ki, Hüseynov ''Slovan''la matçda oynamayacaq. Bu barədə nə deyə bilərsən?

- Forma şansı qazandığıma görə, Qurban Qurbanova təşəkkürümü bildirirəm. Baş məşqçimiz nə zaman istəsə, oynamağa hazıram. 

 

- Oyun praktikanın az olduğunu düşünmürsən?

- ''Qarabağ''da elə bir sistem formalaşıb ki, oyun praktikan az olsa belə, özünü rahat hiss edirsən. Buna görə heç bir problemim yoxdur. Çatışmamazlıqlar çoxdur, işləmək lazımdır.  

 

- Qrupda ''Fiorentina''dan başqa, hansı komandanı daha şanslı görürsən?  
- Qrup mərhələsində, öncədən bir şey demək mümkün deyil.  İnşallah, əlimizdən gələni edəcəyik.

 

- ''Slovan'' komandasını tam olaraq analiz etmisiniz?

- Hər şeydən öncə, əsas fikrimiz bu günki oyunda qələbə qazanıb,  daha sonra ''Slovan''a qarşı hazırlşamaqdır. 

 

- İlk oyunu ''Fiorentina''ya qarşı oynamaq daha yaxşı olardı? 

- Düşünürəm ki, o qədər də fərq yoxdur.  Doğrudur, ''Slovan'' ''Fiorentina''ya baxdıqda zəif rəqibdir. İlk matçda qalib gəlsək, daha yaxşı olardı. 

 

- Oyunu izləyənlər arasında, ''Slovan''ın məşqçisi də var idi. O, ''Qarabağ''la oyunda, qələbə qazanacaqlarını dedi... 
- Bu onun şəxsi fikridir. Hər şey meydanda görünəcək.