"Etdiyimiz səhvlər, uşaq futbolunda edilən səhvlər kimi idi" - Ruslan Əmircanov

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Qarabağ" - AZAL (6:0) matçından sonra bakılıların futbolçusu Ruslan Əmircanov qarşılaşma haqda fikirlərini bildirib. 
 
- Böyük hesabla məğlub oldunuz...
- Bilirdik ki, bizi çətin oyun gözləyir. Oyundan öncə, belə bir nəticə ilə məğlub olacağımızı desəydilər, heç kim inanmazdı. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə buraxdığımız qol, böyükhesablı məğlubiyyətin, əsas səbəblərindən biri oldu. Oyuna pis başladıq, ilk dəqiqələrdə qapımızda qol gördük. Etdiyimiz səhvlər, uşaq futbolunda edilən səhvlər kimi idi. Biz bu oyuna gələndə, uduzmağı düşünmürdük. ''Qarabağ''ın güclü olduğunu bilirdik, lakin məğlub olmağa gəlmirdik. Bizə lazım olan nəticəni almaq istəyirdik.
 
- Hər zaman iddialı komandalarda oynamısan. İndi AZAL-da oynamaq, sənə necə təsir edir?
- AZAL digər klublardan maaliyyə cəhətdən zəif olsa da, kollektiv baxımından digərlərindən seçilmir. Heyətimiz cavan oyunçulardan ibarətdir, hamısı canavar kimidir. Hələ öz oyunumuzu tapa bilməmişik. Komandaya müəyyən bir vaxt lazımdır. Keçən il AZAL öz meydanında, ''İnter''dən başqa bütün komandaları məğlub edib.
 
- Ötən il də AZAL mövsümə uğursuz başlamışdı, lakin daha sonra komanda özünə gəldi...
- Keçən il komanda, 5-6 tur qol vura bilmədi, daha sonra lazım olan nəticələri qazanmağa başladı. Müəyyən vaxtdan sonra, əvvəlki AZAL-ı görəcəksiniz. (Futbol11.az)