"Kimisə qorxutmaq fikrimiz yoxdur" - Almeyda

Premyer Liqanın 4-cü turunda "Qarabağ" "Əlincə Arena"da qəbul etdiyi AZAL-ı 6:0 hesabı ilə darmadağın edib.

Oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir:

- Oyunu yüngül məşq etmək olar?

- Oyunda yaxşı nəticə əldə etdik. Məşqçimizin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdik və gözəl nəticə alındı. Amma oyunu yüngül məşq hesab etmək olmaz. Kənardan asan görünə bilər.

- Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibiniz olan "Slovan"ının məşqçisi də bu oyunu canlı izlədi. Sizcə, onun gözünü qorxuda bildiniz?

- Bu haqda məlumatlı deyildim. Kimisə qorxutmaq fikrimiz yoxdur. Bu gün şanslarımızı maksimum şəkildə dəyərləndirdik.

- "Slovan"ın məşqçisi Yaroslav Köstl sizin oyununuzu xüsusi qeyd etdi...

- Hər futbolçu oyundan-oyuna daha da artırmalıdır. Meydanda öz işimi görürəm. Bizim öz dəst-xəttimiz var. Qapıçı müdafiəçiələrə, müdafiəçilər də mərkəz xəttə kömək edir. Qurban Qurbanov bizdən hər oyun daha da artırmağı tələb edir. Rəqib məşqçinin haqqımda xoş sözlər deməsinə sevinirəm.

- Çexiya klubu ilə "Dalğa Arena"da oynamalı olacaqsınız. Çətinlik olmayacaq?

- Biz Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq istəyirdik. Amma qazonun vəziyyəti bizim bu istəyimizə mane olur. Elə də ciddi fərq yoxdur. Sadəcə, azarkeş sayı az olacaq və əvvəlki atmosferi görməyəcəyik.

- Avropa Liqasının qrupundan növbəti mərhələyə yüksələ biləcəksiz?

- Qrupumuz elə də asan deyil. Avropa Liqasında zəif rəqib olmur. Öz oyunumuzu nümayiş etdirəcəyik. İstəyirik ki, uğurlu nəticə əldə edək.

- “Fiorentina” qrupun favoritidir. Digər 3 komandanın şansını necə dəyərləndirirsən?

- Təbii ki, “Fiorentina” favoritdir və böyük klubdur. Bütün komandalar mübarizə aparacaq. Zəif rəqib yoxdu. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.(Qafqazinfo)