"Əsas məqsəd 3 xaldı" - Fariz Nəcəfov

Topaz Premyer Liqasının IV turu çərçivəsində “Neftçi” ilə qarşılaşan “Qəbələ” rəqibini 8:0 hesabı ilə darmadağın edib. Matç başa çatdıqdan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin  suallarını cavablandırıb.

 

- Oyun və hesab haqqında nə düşünürsüz?

- Bizim üçün əsas olan qələbə qazanmaq idi. Nəticəni belə gözləmirdik. Hesabın o qədər önəmi yoxdu. Əsas lazım olan 3 xalı qazandıq. İki komandadan biri qalib gəldi ki, güclü olan biz idik və biz sevindik. “Neftçi”yə gələcək matçlarda uğurlar arzulayıram.

 

- Bu qədər böyükhesablı qələbəni Avroliqa öncəsi rəqibə göz dağı vermək kimi dəyərləndirmək olarmı?

- Xeyr elə düşünmürəm. Əsas məqsəd 3 xaldı, yenə deyirəm. Ancaq istənilən hesabda komandanın öz oyun prinsiplərinə sadiq qalması məni sevindirir.

 

- Sualı tərsinə verək. Belə böyükhesablı qələbə “Anderlext”lə oyun öncəsi komandada rahatlıq, eyforiya yaratmaz ki?

- Xeyr. Tamam fərqli oyunlardı. Komanda hər matça başqa motivasiya ilə çıxır.

 

- Rəqibin zəifliyi göz qabağındadı, nəticəni nəzərə almasaq, “Qəbələ”nin çıxışı qane elədi sizi?

- Mən bayaq da dedim. Kimə qarşı oynamağımızdan, hesabın neçə olmasından asılı olmayaraq komandanın oyun üslubu dəyişmir. Bu da məni sevindirir.

 

- Tarixi, kökü olan bir komandanın bu hala düşməsi, belə uduzmasına görə onlara yazığınız gəldi?

- Xeyr. İki komandanın mübarizəsində biri uduzub. “Neftçi”yə uğurlar arzulayıram, inanıram ki, vəziyyətdən çıxa biləcəklər.

 

- Çingiz Abdullayev hər dəfə qeyd edir ki, “Neftçi” ardıcıl 5 dəfə ölkə kubokunun finalına çıxıb. Bunu ikisində “Qəbələ”ni yolundan kənarlaşdırıb. Bu həmişə böyük bir uğur kimi qələmə verir...

- Çingiz Abdullayevin fikirlərinə böyük hörmətlə yanaşıram. Yəqin statistikanı, faktı deyir. Olmuş bir şeydi, normal qarşılayırıq. Burda nə var ki?

 

- Dünən “Qarabağ”ın, bu gün isə “Qəbələ”nin darmadağınla qalib gəlməsi sizi narahat etmir ki? Çempionatda rəqabət yox kimidir.

- Sössüz ki, çempionatda nə qədər güclü komanda olsa, rəqabət nə qədər böyük olsa, inkişaf baxımından o qədər yaxşıdır. Ancaq bu gün reallıq budur və biz bunu qəbul etməliyik.(Apasport)