“Neftçi” Stamenkoviçə cavab verdi

"Keçmiş qapıçı Saşa Stamenkoviçin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Bundan əlavə, futbolçu anlamalıdır ki, o qədər ciddi bəyanatlar səsləndirərkən onu fakt və sübutlarla əsaslandırmaq lazımdır”. Olimpsport.az saytının məlumatına görə, bu barədə klubun “virtualaz.org” saytına göndərilmiş bəyanatında yazılıb.

 

Bəyanatda həmçinin qeyd olunub ki, bütün sadalananları nəzərə alaraq klub rəhbərliyi prokurorluğa və məhkəməyə müraciət etməklə bağlı qərar qəbul edib: “Heç kəs heç vaxt "Neftçi" futbolçularından aldığı maaşın yarısını tələb etməyib, heç kim futbolçularla onlara çatan pulu bölməyib. "Neftçi" Saşa Stamenkoviçlə də bütün hesablaşmalarını edib və biz serb qapıçısının bu bəyanatının niyə meydana çıxmasının səbəblərini anlamırıq. Son zamanlar klubda yaranan çətin vəziyyəti nəzərə alsaq, belə yalan məlumatların yayılması ən azı çaşqınlığa səbəb olur”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının IV turunda “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin sabiq qolkiperi Saşa Stamenkoviç feysbukda “Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə klubun düşdüyü vəziyyətə görə rəhbərliyi günahlandırıb və sərt ittihamlarla çıxış edib.

 

“Sizin şəxsi maraqlarınız, pulları böldüyünüz oyunçuları məcburiyyət qarşısında qoymağınız (necə ki mənə də təklif olunmuşdu, borcun yarısını mənə, yarısını öz cibinizə qoyasız) bəlkə siz fikirləşirdiniz ki, bu rahat alınacaq, amma unutdunuz ki, "Neftçi"nin, Elnura (Məmmədov – red.) rejissor, Çingizə (Abdullayev – red.) yazıçı kimi "Neftçi"ni necə məhv etdiyiniz" haqqında kitabı yazmağa qoymayacaq azarkeşləri var.

 

Mən keçmişə qayıdıb sizə bizi – 12 legioneri niyə buraxdığınız üçün sual vermək istəmirəm, bəlkə ona görə ki, bizi ora Sadıq müəllim gətirib və biz klub tarixinin ən güclü nəsli idik. Artıq hərəmiz bir klubdayıq, yeni uğurlar qazanırıq və sizi bağışlamışıq, amma qorxuram ki, azarkeşlər sizi heç zaman bağışlamasın. Nə oyunçular, nə məşqçilər günahkar deyil. Ancaq sizin futboldaki cəhalətiniz, ona görə də sizin "Neftçi"dən getməyiniz gərəkir, onu daha da məhv etməyəsiz deyə.

 

Yaşasın "Neftçi", yeni qələbələrə qədər!"

 

Saşa Stamenkoviç