Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ oyunlarına təyinatlar açıqlanıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Litvaya qarşı keçirəcəyi oyunlara təyinatları açıqlanıb.

"Olimpsport" Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 28-də V qrupun III turu çərçivəsində təşkil olunacaq görüşü moldovalı hakimlər idarə edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmada ədaləti Dorian Sirbu və Viktor Serdyuk qoruyacaqlar. Saat 17:00-da başlayacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirəcək.

Bu komandaların IV turda Vilnüsdəki duelini isə Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. Martın 3-də "Avia Solyuşens Qrup Arena"da baş tutacaq oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.

Qeyd edək ki, hər iki komanda ilk iki turda İspaniya və Şimali Makedoniyaya məğlub olub.