Mehman Allahverdiyevdən istefa açıqlaması

"Kəpəz" klubunun icraçı direktoru Mehman Allahverdiyev tutduğu vəzifədən istefa verməyi qərara alıb.
 
 
 
Olimpsport.az xəbər verir ki, M.Allahverdiyev səbəb kimi səhhətindəki problemləri göstərib. O, yüksək təzyiqdən əziyyət çəkdiyi üçün müalicəyə ehtiyac duyduğunu bildirib. Klub rəsmisi Qurban bayramından sonra istefa ərizəsi ilə rəhbərliyə müraciət edəcəyini və xaricdə müalicəsi üçün Gəncə şəhər icra başçısı Elmar Vəliyevdən maddi dəstək istəyəcəyini söyləyib: "Məsləhət bilsələr, klubdan ayrılıb müalicəyə gedəcəyəm. Müalicədən sonra isə kluba qayıtmağım mümkündür". 
 
İcraçı direktor E.Vəliyev tərəfindən qovulduğuna dair xəbərləri təkzib edib: "Mən "Kəpəz"in icraçı direktoruyam, menecerlə danışan, komandaya futbolçu götürən deyiləm. Bir dəfə desinlər ki, futbolçulardan kimsə mənimlə söhbət edib. Mən gədə yox, kişiyəm. Elmar Vəliyev və oğlu Elmir Vəliyevə gəldikdə, bu insanlara Gəncə futboluna çəkdikləri əziyyətə görə təşəkkür edə bilərəm. Komandaya legionerləri cəlb edən və pulunu ödəyənlər bu insanlardır. Onlar olmasaydı, "Kəpəz" nə Avroliqaya düşə, nə də mərhələ keçə bilərdi. Bunu tam əminliklə deyirəm. Üstəlik, icra başçısı və oğlunun sayəsində "Kəpəz"ə hər qələbə qarşılığında mükafat verilir. Onların əziyyətini qiymətləndirməmək bizə yaraşmaz. Yalan ayaq tutar, amma yeriməz. Mən futbolçu karyeram vaxtı da, məşqçi olduğum vaxt da "Kəpəz"ə vəsait vermişəm. Rəhmətlik Əhməd Ələsgərov "Kəpəz"in baş məşqçisi olduğu vaxt Gəncənin 3-cü katibi ilə aram yaxşı idi. Səfərə çıxmağa pulumuz yox idi. Ondan 20 min manat alıb komandaya verdim. O pulu 2 ildən sonra qaytardılar. O vaxt isə 20 minə heç 2 dənə soyuducu da düşmürdü. Halbuki borcu götürdüyüm vaxt 20 minə 3 "Jiquli" düşürdü". 
 
M.Allahverdiyev bildirib ki, səhhəti ilə əlaqədar dincəlmək istəyir: "Ona görə qarışqadan fil düzəldiblər". 
 
Qeyd edək ki, Mehman Allahverdiyevin "Kəpəz"dən istefa verdiyinə dair ilk xəbəri "idmanxeber.com" saytı yazıb.(sportnet.az)