"Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu" - Rəqibin baş məşqçisi

Azərbaycan futzal yığması bu gecə tarixi matçına çıxıb. 

Olimpsport.az xəbər verir ki,, milli komandamız dünya çempionatının final mərhələsində debüt edib.

Braziliyalı Milton Luis Ziller Juniorin baş məşqçisi olduğu yığma F qrupunda ilk oyununu Mərakeş yığmasına qarşı keçirib. Medellində "Coliseo İvan de Bedout"da baş tutmuş görüşdə Azərbaycan futzalçıları böyük hesablı qələbə qazanıb. Matçdan sonra rəqib komandanın baş məşqçisi Hicham Dguig qarşılaşma barədə fikirlərini bildirib.

“Birinci hissədə daha yaxşı oynadıq. Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu. Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur. İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.