"Əziyyətimiz tabloda əks olundu" - Jose Poletto

Dünya çempionatına qələbə ilə başlayan futzal üzrə Azərbaycan millisinin üzvü Jose Polettonun müsahibəsi:

 

- Debütünüzdən məmnunsunuzmu?

- Əlbəttə, maraqlı oyun alındı. Bilirdik ki, Mərakeş millisi ciddi müqavimət göstərəcək. Onlar öz qitələrinin çempionudular. Bir qədər həyəcan var idi. Həm də ilk oyunlar gərgin keçir.

 

- Sonradan nə baş verdi ki, rəqibi darmadağın etdiniz?

- Bu cür qarşılaşmalarda ilk qol həlledici olur. Biz bunu bacardıqdan sonra işimizi də asanlaşdırmış olduq. Yaxşı oynadıq, layiq olduğumuz qələbəni qazandıq.

 

- Oyunun sınma nöqtəsi kimi rəqib qapıçının zədələndiyi epizodu göstərmək olarmı?

- Başlanğıcda bizdə də həyəcan var idi. Üstəlik, qol vurmadıqca əsəbləşirdik. Əsəbi şəkildə oynamaq isə işimizə mane olurdu. Bu şəkildə davam etmək olmazdı. Nəhayət, axtardığımız, bizi sakitləşdirəcək qolu vurduq. Hər şey bundan sonra dəyişdi. İkinci hissəyə rahat başladıq. Onlara çox az epizod verdik. Komanda olaraq oyunumuz alındı, şanslarımız artdı. Əziyyətimiz tabloda əks olundu.

 

- Növbəti oyunlarımız daha çətin keçəcək. İlk növbədə, İspaniya yığması barədə fikirlərinizi bildirərdiniz...

- Çətin olacaq. Ümumiyyətlə, qrumuzdakı komandalar üçün İspaniya ilə oynamaq asan olmayacaq. Çox mobil, sürətli komandadı. Çempionatın favoriti hesab edilir. Amma biz oyunumuzu elə quracağıq ki, yekunda müsbət nəticə qazanaq. Çətin olsa da, mübarizə aparmaq olar.

 

- Bəs İran yığmasını üstələmək şansımız realdımı?

- İspaniyaya böyük hesabla uduzsalar da, mübarizə apardılar. Yaxşı komandadı. Onlara qarşı hücumda oynamalıyıq. Çünki müdafiədə boşluqlar verirlər. Biz də irəlidə həmin boşluqlardan yararlanmalıyıq. Yoxsa, çox çətin olacaq. Şansa gəldikdə, hər komandadan xal almaq şansımız var.(Apasport)