"Udmaq şasımız var idi" - Qarayev

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında nə düşünürsən?

- Şükürlər olsun ki, belə bir turnirə xalsız başlamadıq. Düzdür, uduzmaq şansımız var idi. Düşünürəm ki, qazanılan 1 xal bizim uğurumuzdur. İnşallah, bu qrupda keçirdiyimiz ən zəif oyunumuz olar.

- Rəqibə cinahlardan hücum etməkdə çətinlik çəkirdiniz...

- Biz rəqibi yaxşı analiz etmişdik. Onların bütün nöqtələrdə necə oynayacaqlarını bilirdik.  Buraxdığımız qol şanssızlıq oldu. Heç nə etmədilər və ani bir epizodda qol vurdular. Bilirdik ki, "Slovan" dayanan yox, qaçan komandadır. Bu gün də elə oldu. Sonda dayandılar və qapılarında qol gördülər. Həm mediada, həm də azarkeşlər arasında belə bir fikir var idi ki, tanınmayan komanda olduğundan rahat qalib gələcəyik. Ancaq bu oyun göstərdi ki, heç bir oyun bizim üçün rahat olmayacaq.

- Stadion amilinin sizə təsiri oldumu?

- Düşünmürəm ki, stadion amili nəticəyə təsir etdi. Ancaq ot örtüyündə müəyyən qədər problemlər var idi. Bəlkə də "Tofiq Bəhramov"da oynasaydıq, daha çox azarkeş olacaqdı. Respublika stadionuna daha
çox alışmışam deyə, oranı özümüz üçün rahat hiss edirəm.

- Yeni transfer Dino Ndlovunun, komandaya tam uyğunlaşmadığı hiss olunurdu...

- Ola bilər ki, Dino komandamıza tam uyğunlaşmasın. Dino bunu aradan götürmək üçün məşqlərdə çox çalışır. Ümid edirəm ki, növbəti oyunlarda o, daha yaxşı oynayacaq.

- Çexlərə qarşı bəxtimiz gətirmir...

- Bəxtsizliyi bizə Miroslav Zelinka yaşatdı. Çalışacağıq ki, "Slovan"la səfər oyunundan yaxşı nəticə ilə dönək.