Rövnəq Abdullayev: “Komandamızın çıxışından razıyam”

“Çox böyük bir turnirə ev sahibliyi edirik. Beynəlxalq Cüdo Federasiyasına minnətdarıq ki, belə bir mötəbər turniri bizə həvalə ediblər”.

Olimpsport.az saytına müsahibəsində bu sözləri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev Bakıda təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turnirinin ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Turinə hazırlıq işləri çox yaxşı aparılıb. Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri də təşkilatçılıqdan razılıqlarını ifadə ediblər. Hər şey ən yüksək səviyyədə təşkil edilib”.

Federasiya prezidenti cüdo yığmamızın çıxışını dəyərləndirib: “Komandanın çıxışından razıyam. Bu yarış olimpiadaya hazırlıq xarakteri daşıyır. Cüdo millimiz artıq 6 lisenziyaya sahib çıxıb. “Böyük dəbilqə” turnirində isə komandamız artıq 2 bürünc medal qazanıb. Cüdoçularımızın sabah da medal qazanacaqlarına inanıram”.

Rövnəq Abdullayev sonda rəhbərlik etdiyi federasiyanın əməkdaşlarının işindən razılıq edib: “Cüdo federasiyasının əməkdaşları işlərinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Komandamızın qarşısında hazırda beynəlxalq turnirlədə iştirak etmək və Rio Olimpiadasına ən yaxşı çəkildə hazırlaşmaq tapşırığı qoyulub”.