"Neftçi"də Ukraynalı məşqçi

"Neftçi"də baş məşqçi Elxan Abdullayevdən sonra onun köməkçilərinin də adlarına aydınlıq gəlib.

 

Olimpsport.az xəbər verir ki, qapıçılar üzrə işləyən məşqçi Dmitri Kramarenkodan savayı, digərləri komandadan göndərilib.

 

Belə ki, Elxan Abdullayev rus dilli olduğu üçün yaxın ətrafına da bu dildə danışan məşqçiləri yığıb. Bu üzdən Tofiq Mustafayevin də aqibəti Vəli Qasımovunku ilə eyni olub. Onun yerinə "Neftçi"nin 19 yaşadək komandasının baş məşqçisi İqor Getman Elxan Abdullayevin köməkçisi təyin edilib.

 

İspan fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə də müqavilə pozulub. Artıq onu əvəzləyəcək personanın da adı bizə bəllidir. Bu, ukraynalı Andrey Kolesnikovdur.

 

Qeyd edək ki, Andrey Kolesnikov əvvəllər "İnter" (2006-2011), "Kəpəz" (2012/13) və AZAL (2014/15) klublarında çalışıb. Kolesnikov həmçinin Berti Foqtsun istefasından sonra millidə Norveçlə ev oyunu üçün qısa müddət fiziki hazırlıq üzrə məşqçi vəzifəsində işləyib. Onda onu milliyə baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Mahmud Qurbanov dəvət etmişdi. (Qaynarinfo)