""Neftçi”olaraq biz onları sevirik" - Cavid İmamverdiyev

"Heç bir komanda ağır məğlubiyyətdən sonra belə bir oyun göstərə bilməzdi. Bunu ancaq "Neftçi” kimi komanda bacara bilərdi. Düşünürəm ki, gözəl oyun göstərdik. Top çox vaxt bizim komandamızda qalırdı. Fikrimcə, biz bu oyunda qələbə qazanmalı idik. Qələbə qazanmağa borclu idik. Yalnız bunun sayəsində azarkeşlərimizə stimul verə bilərdik. Biz istəyirdik ki, qələbə qazanaq. Ancaq alınmadı. 5 dəqiqəyə 2 qol buraxacağımızı gözləmirdim”. Olimpsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev deyib.
 
O, Topaz Premyer Liqasının V turunda "İnter"ə qarşı baş tutan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 

  
- Azarkeşlər 90 dəqiqə ərzində futbolçuları təhqir edirlər...

- Düşünürəm ki, bu azarkeşlərin haqqıdı. Çünki biz bu azarkeşlərə çox əziyyət veririk. "Qəbələ”yə 0:8 uduzuruqsa, azarkeşdən nə gözləyək? Azarkeşin də müəyyən yerə qədər səbri var və artıq onların səbr kasası dolub. Azarkeşlər bizə elədiklərinə görə haqlıdılar. Biz onları sevirik və həmişə azarkeşlərimizdən dəstək gözləyirik. Onlar bizi həm alqışlaya, həm də söyə bilərlər. Ancaq yenə deyirəm, ".   
 
- Bu məğlubiyyət acınacaqlı oldu, yoxsa bundan əvvəlki?

- "Neftçi” üçün bütün məğlubiyyətlər acınacaqlıdı.  Çünki "Neftçi” Azərbaycanın flaqmanıdı, xalqın komandasıdı. Əlbəttə, "Qəbələ”yə böyük hesabla uduzmaq bizə daha ağır gəlir. Bu gün də öz səhvlərimizə görə məğlub olduq.
 
- Bəlkə legionerlərin səviyyəsi aşağıdı...

- Mən bu barədə heç nə deyə bilmərəm. Mən futbolçuyam və heç vaxt komanda yoldaşımı pisləyə bilmərəm. Bütün bunlar rəhbərliyin və baş məşqçinin işidi.
 
- Öz oyununu bəyənirsən?

- Yox. Öz oyunum məni qane etmir. Ancaq baş məşqçimiz mənə inanır. O, məni yanına çağırdı və yaxşı hazırlaşmalı olduğumu dedi. Elxan müəllim söz verdi ki, formamı tapdıqdan sonra milliyə də dəvət alacağam. Mən də əlimdən gəldiyi qədər çalışacam, əlavə məşqlərə üstünlük verəcəm. Etiraf edim ki, Vəli Qasımov mənə inanmırdı. Onun vaxtında gah oyayırdım,gah oynamırdım. İnanıram ki, bundan sonra gözəl oyunumla azarkeşlərimizi sevindirəcəm.
 
- Elxan Abdullayevin gəlişindən sonra komandada nə dəyişib?

- Hər bir məşqçinin öz taktikası, öz sistemi olur. Deyərdim ki, komandada müəyyən qədər yüksək ab-hava yaranıb. "Qəbələ”yə məğlubiyyədən sonra özümüzə gəlmək çətin idi. Hazırda komandada yaxşıya doğru dəyişiklik var. Elxan müəllimə güvənirik. Ümid edirik ki, bundan sonra hər şey daha da yaxşı olacaq.  
 
- Necə düşünürsən, "Neftçi” bundan sonra çempionatda hansı nəticəni verə biləcək?

- Düşünürəm ki, irəliləyə bilərik. Bunun üçün azarkeş dəstəyinə ehtiyacımız var. İnanıram ki, belə oynasaq, azarkeşlərimiz arxamızda olsa, çempionluğa da oynaya bilərik.