""Neftçi”nin belə tez toparlanacağını gözləmirdim" - Səlahət Ağayev

"Əlbəttə ki, bizim üçün 3 xal çox vacib idi. Bəlkə də "Neftçi”nin ötən turda aldığı böyükhesablı məğlubiyyət bizdə arxayınlıq yaratmışdı. Biz bunu sonradan dərk elədik. Bu oyundan uduza da bilərdik. Ancaq uşaqların döyüşkən mübarizəsi qələbə qazanmağımıza səbəb oldu”.

 

Olimpsport.az xəbər verir ki, bu sözlər Bakının "İnter” klubunun kapitanı Səlahət Ağayevə məxsusdu. 
 
"İnter” Premyer Liqanın V turunda öz meydanında "Neftçi”ni 2-1 hesabı ilə məğlub edib. Oyundan sonra jurnalistlərə açıqlama verən qolkiper matçın gedişi zamanı "İnter”in qapısına təyin olunan penalti barəsində fikirlərini bildirib: "Bunu şərh etməyə dəyməz. Təmiz penalti idi”. 
 
Millimizin üzvü bildirib ki, "Neftçi” ilə oyunun çətin keçəcəyini əvvəlcədən gözləyirmişlər: "Yenə deyirəm, bizdə müəyyən qədər arxayınçılıq var idi. Əslində "Neftçi”nin belə tez toparlanacağını gözləmirdim. Şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq”.
 
Ağayev, 1-0 hesabı ilə geridə olmalarına baxmayaraq, oyununun gedişi zamanı nəticəni dəyişə biləcəklərinə inandığını bildirib: "Düzü, gözləmirdim. Amma inam var idi. Belə bir vəziyyətdə heç-heçə də bizim üçün böyük nəticə olacaqdı. Udduq və qələbəni xüsusi sevinclə qeyd etdik”.