"Bu sualı mənə niyə verirsiniz?" - Prosineçki

Milli komandanın baş məşqçisi Robert Prosineçki Azərbaycan Premyer Liqasının V turunda keçirilən "Qarabağ" - "Zirə" oyunu zamanı jurnalistlərin suallarını cavablandırıb. Olimpsport.az xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edir.
 
- Qarşıda milli komandanın Norveç yığması ilə oyunu var. Fikirlərinizi bildirərdiniz...
- Ayın 3-dən təlim-məşq toplanışı gözlənilir. Çünki oktyabrın 2-də oyunlar var. Oyunçularımızın bəziləri - Pavel Paşayev, Dmitri Nazarov, üstəlik "Qəbələ" də ayın 2-də oynayır. Ona görə toplanış oyunlardan sonra nəzərdə tutulub. Oktyabrın 3-dən toplanışa başlayacağıq.
 
- Rauf Əliyev son turda iki qol vurdu, Vaqif Cavadov qollar vurur, Ağabala Ramazanov özünü yaxşı tərəfdən göstərir. Bu futbolçuları milliyə dəvət edəcəksiniz?
- Heyəti müəyyənləşdirmişəm. Yenə də ola bilsin ki, yeni oyunçular olsun. Çünki zədəli futbolçular olur. Ötən toplanışda da gördünüz ki, zədələnən futbolçular vardı. Bizi Norveçə qarşı çətin oyun gözləyir. Son oyunda Almaniyaya uduzdular. Amma Almaniya da güclü komandadır. Almaniyaya da uduzmaq normaldır.
 
- Bəs Rauf Əliyev?
- Ötən turadək qol vurmadı və dünən iki qol vurdu. Oyununu və qollarını gördüm. Ancaq hələ istədiyim səviyyədə deyil.
 
- Elxan Abdullayevin "Neftçi"yə keçidində sizin rolunuz olub? Və bu təyinatdan nə gözləyirsiniz, köməkçinizin "Neftçi"yə xeyri dəyəcək?
- İstəyirsiniz düzünü deyim? "Neftçi"ni kimin qaldıra biləcəyini bilmirəm. Sadəcə olaraq nəticələrə baxıram. Son oyunda da 1:2 hesabı ilə məğlub oldular. Tək məşqçini gətirməklə komandada nəyisə dəyişmək olmaz. Əlbəttə ki, Abdullayevin "Neftçi"yə köməyi dəyməsini istəyirəm. Ancaq buna vaxt lazım olacaq. Qısa müddətdə heç nəyi dəyişmək olmaz. "İnter"lə oyunda xırda da olsa, dəyişiklik gördüm.
 
- Elxan Abdullayevin klubdakı uğursuzluğu millidəki işinə təsir edə bilər?
- "Neftçi" nə fiziki, nə də taktiki cəhətdən hazırdır. Komandanı qaldırmaq üçün bir neçə il lazımdır. Siz də mənim kimi oyuna baxırsınız və çatışmazlıqları görürsünüz.
 
- Deməli, "Neftçi"dən heç kimi milliyə dəvət etməyəcəksiniz...
- Oyuna baxıram, 8 oyunçu yerə yıxılır, ayaqları qıc olur. Bunları siz də görürsünüz. Bu sualı mənə niyə verirsiniz?
 
- Hər halda baş məşqçi fikri başqadır. İki həftə öncə Ziya Əzizovu tanımadığınızı demişdiniz. Amma bir neçə gün öncə həmin futbolçu U-19-a dəvət olundu. Bu barədə məlumatınız var?
- Bunu bilməyimə ehtiyac yoxdur. Harda bilim ki, kim çağırılır. Çünki U-19-a çağırılan futbolçu ilə maraqlanmaq mənim işim deyil.
 
- Norveçlə oyunun toplanışına Deniz Yılmazı dəvət edəcəksiniz?
- Dəfələrlə Yılmazın zədəli olduğunu demişəm. İkincisi həmin futbolçunu məndən əvvəl də dəvət etmək istəyirdilər. O, adi oyunçu deyil. "Bursaspor"un əsas futbolçularındandır. Türkiyədə çempionat çətindir. "Bursaspor" isə dörd komandadan sonra ən yaxşıdır. Onu milliyə dəvət etsək, köməyinin dəyəcəyinə inanıram. (Sportnet)