"Bu, mənə veriləcək bir sual deyil" - Elvin Məmədov

"Zirə"nin kapitanı Elvin Məmmədov Azərbaycan Premyer Liqasının V turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları səfər matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- "Qarabağ"ın qapısına yaxınlaşa bilmirdiniz. Əvvəlki turlarda belə zəif "Zirə" görməmişdik. Buna nə açıqlama verə bilərsən?
- Baş məşqçi nə tapşırıq vermişdi, onu etməyə çalışırdıq. Həm də qarşımızdakı komanda məcbur edirdi ki, oyuna müdafiədən başlayaq. Əlbəttə, düşündüklərimiz alınmadı. Başqa nə deyə bilərəm ki?
 
- Futbolçular bir hücum belə qura bilmədilər. Komandanız sanki zərbə vurmaq da istəmirdi. Ola bilərmi ki, baş məşqçi müdafiə futbolu oynamağınızı istəsin? 
- Deməzdim. Son 15 dəqiqə normal futbol oynadıq. Qol imkanlarımız da var idi. Sadəcə. son ötürmələrdə çatışmazlıqlar görsənirdi.
 
 
- Razılaşmırsan ki, keçənilki "Zirə bundan güclü idi?
- Düzdür, keçən mövsüm qələbələr qazanırdıq. Razıyam, onda tam fərqli idi. Nəticə olanda, inkişaf olur. Hamı komanda haqda danışır. İki oyunda qalib gəmişik, 3-cü matçdır uduzuruq. 
 
- "Zirə"nin avrokuboklarda iştirakına artıq qadağa yoxdur. Bu heyətlə Avropa Liqasına vəsiqə qazanmağımız mümkündür?
- Mən bunu necə deyə bilərəm? Bu işi görən mütəxəsisslər, baş məşqçi var. Hərənin öz baxışı mövcuddur. "Zirə"yə gəlişimizdə məqsədimiz futbol oynamaq, komandaya güc verməkdir. Kiminsə adını çəksək, düzgün olmaz. Niyə də avrokuboklara vəsiqə qazanmayaq? Futbolda hər şey mümkündür. Elə oynaya bilərik ki, müdafiə futbolu göstərərək avrokuboklara çıxaq. Bunu siz məndən də yaxşı bilirsiniz. O qədər belə oynayan komandalarımız var ki...
 
- Neçə ildir futbolda olan bir insan kimi necə hesab edirsən: Komandanızda boşluqlar çoxdur?
- Əlbəttə. "Zirə" yeni komandadır. Keçən mövsümdən 8-9 futbolçu əvəzlənib. Yeni komanda düzəlib. Birdən-birə nəsə qlobal dəyişiklik etmək mümkün deyil. Onda başqa sistem idi. Bu mövsüm başqa futbol oynamağa çalışırıq. Keçən mövsüm müdafiədə oturub əks-hücumlarda oynayırdıq. Ancaq bu il daha çox topla oynamağa çalışırıq. Heyətimiz çox dəyişib. Siz məndən daha yaxşı bilirsiniz ki, komanda qurmaq üçün illər lazımdır. 
 
- Keçən il "Zirə"ni bir çox oyunlarda Nelson Bonilya xilas etdi. İndi isə bu hücumçunuz da yoxdur. Mövsümə hücumçu sifariş etməyən komandaya nə ad vermək olar?
- Bu, mənə veriləcək bir sual deyil.
 
- Hər halda, kapitansan...
- Razıyam. Mən də istəyirəm ki, komandaya hücumçu gəlsin. Ancaq bu, mənə aid olan sual deyil. Bunlarla baş məşqçi, rəhbərlik məşğul olur. Elə nüanslar var ki, mən bilmirəm. Əlbəttə, mən də istəyirəm ki, 3 güclü hücumçumuz olsun. Keçən mövsüm Bonilyanın bizə çox xeyri dəydi, az qala çempionatın bombardiri olacaqdı. Neyləmək olar, belədir də.
 
- Necə düşünürsən, bəlkə bu il rəqiblər daha çox güclənib?
- Belə götürsək, keçən il bizdən zəif rəqiblər var idi. İndi isə 8 komanda çıxış edir. İkisini - "Qəbələ" ilə "Qarabağ"ı çıxmaq şərtilə hamısı eyni gücdədir. Bu mövsüm daha çətin çempionatdır, mən sizinlə razıyam.
 
- "Qarabağ" - "Qəbələ" mübarizəsində favoritin kimdir?
- Yəqin ki, "Qarabağ". (sportnet)