Ən sürətli dubllar: Raufla Rahid ilk “üçlük”də

Topaz Premyer Liqasının V turu qısa zaman kəsiyini əhatə edən iki dublla əlamətdar olub. Olimpsport.az Apasport.az-a istinadən xəbər verir ki, Rauf Əliyev 7, Rahid Əmirquliyev 18 dəqiqədə 2 dəfə fərqlənməyi bacarıblar.

 

Sonuncu “Qarabağ”ın “Zirə” ilə qarşılaşmasında bunu reallaşdırıb. O, futbolçuları 3-cü dəfə dubl müəllifi olan “ağ-göylər”in heyətində 2 qolu ən qısa zamanda vuran oyunçu olub. Belə ki, onun komanda yoldaşları Reynaldo və Maksim Medvedev hər topu bir hissədə vurmuş və onlar arasında daha çox vaxt keçmişdi.

 

Mövsümün ən sürətli dublunun müəllifi isə dəyişməz qalıb. Düzdü, 7 dəqiqəyə 2 qol vuran Rauf rekorda çox yaxın olub. Lakin “Neftçi”nin “İnter”li qənimi komanda yoldaşı Ruslan Abışova məxsus göstəricidən 1 dəqiqə geri qalıb. Sonuncu “Qarabağ”la matçın 6 dəqiqəsində dublu gerçəkləşdirmişdi.

 

Mövsümdə qeydə alınan digər iki dublun müəllifləri isə Ruslan, Rauf, Rahid “üçlüy”ündən geri qalır. “Zirə”li Gerhard Proqni və “Qəbələ”li Ruslan Qurbanov hər qolu bir hissədə vurublar. Düzdü, sonuncunun komanda yoldaşı Baqali Daboo 11 dəqiqədə 2 dəfə fərqlənib. Lakin bu, onun het-trikə imza atdığı matçdakı ilk toplar olub.