Fariz Nəcəfov: Əsas rəqib “Qarabağ”dı, amma... – MÜSAHİBƏ

Gənclər Liqası çərçivəsində dünən “Dinamo” ilə matçdan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb. Olimpsport.az Apasporta istinadən həmin müsahibəni təqdim edir.

 

- “Qəbələ” Gənclər Liqasında ilk oyununda Moskva “Dinamo”suna 0:2 hesabı ilə uduzdu. Matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Burda nəticə çox da önəm kəsb etmir. Maraqlı oyun gözləyirdik və hesab edirəm ki, rəqibdən daha yaxşı oynadıq. Təəssüf, nəticə oyuna görə olmadı. Rəqib 3 hücum etdi, 2-si qolla nəticələndi. Biz isə əlimizə düşən şanslardan yararlana bilmədik. Çalışacağıq ki, cavab qarşılaşmasında daha yaxşı çıxış edək.

 

- “Qəbələ”nin təcrübəsizliyin qurbanı olduğunu söyləmək olar?

- Təcrübəsizlikdən irəli gəldiyini düşünmürəm. Burada olan uşaqlar müxtəlif turnirlərdə iştirak ediblər. Bəziləri milli komandanın üzvüdü. Sadəcə, bəxtimiz gətirmədi.

 

- Gəlin, əsas komanda barədə danışaq. “Qəbələ” Premyer Liqada potensial liderdi və çox güman ki, ilk dövrəni zirvədə bitirəcək. Ötən mövsüm də oxşar vəziyyət idi, lakin sonradan eniş yaşandı. Bu paralelləri aparsaq, keçənilki hal təkrarlanmayacaq ki?

- Belə deyək də, ötən mövsüm bizim üçün bir təcrübə oldu. İlk dəfə idi ki, Premyer Liqa ilə yanaşı, Avropa Liqasında da mübarizə aparırdıq. Həmin səhvlərdən nəticə çıxartmışıq. Həmçinin, ötən mövsüm akademiyamızdan çıxan futbolçular təcrübəsiz idilər, indi vəziyyət fərqlidi. Yəni, dəyişiklik etmək üçün baş məşqçinin kifayət qədər seçimi var.

 

- Avropa Liqasında əsas məqsəd nədi?

- Hədəfimiz qrupdan çıxmaqdı. “Anderlext”ə səfərdə uduzsaq da, yaxşı oynadıq. Ev oyunlarında mütləq qalib gəlməyib. Həmçinin, səfər matçlarında da xal götürməliyik ki, qrupdan çıxaq.

 

- Premyer Liqada çempionluq yolunda yenə “Qarabağ”ı əsas rəqib görürsüz, yoxsa “İnter” də bu siyahıdadı?

- Standart danışsaq, futbolda hər şey mümkündü. Reallıqları nəzərə alsaq, bəli, əsas rəqib “Qarabağ”dı, amma “İnter”i də siyahıdan silmirəm. Yenə deyirəm, ötənilki səhvlərdən nəticə çıxartmışıq. Rəqibimiz “Qarabağ”, “İnter”, AZAL və ya bir başqasıdı – fərqi yoxdu. Hər topa, hər epizoda görə baş qoymaq lazımdı.

 

- Stadion məsələsi nə yerdədi? 8-ci km qəsəbə stadionu Avropa Liqasında “Maynts”la oyuna qədər hazır olacaq?

- Bəli, bu işə baxan şirkət söz verib ki,  stadion 80 faiz hazır olacaq.

 

- Roman Qriqorçuk “Qəbələ” – “Dinamo” matçından məyus getdi? Bu oyunda kimisə görə bildimi?

- Söhbətimiz oldu. Bir neçə futbolçu var ki, onları yaxından izləyir. Ad çəkmək istəmirəm, Qriqorçuk onlardan çox razıdı.

 

- Akademiyaya yeni rəhbər təyin etməyi düşünmürsüz?

- Biz istəyirik ki, yeni rəhbər gətirsək, həmin adam tanınmış, yüksək səviyyəli mütəxəssis olsun. Bu məsələyə növbəti mövsümdə baxılacaq.

 

- UEFA-dan gələn vəsait büdcəyə nə dərəcə kömək edir? Həmin pullar büdcənin neçə faizini təşkil edir?

- Bilirsiz ki, Avropa Liqasında qalib gələndə mükafatlar da artır, bunu da nəzərə almaq lazımdı (gülür). Həmin vəsait xeyli kömək edir. Faiz hesabı ilə götürsək, təqribən 40% söyləmək olar.

 

- Roman Qiqorçukun adı Kiyev “Dinamo”su ilə yanaşı çəkilir. Buna münasibətiniz necədi?

- Olmayan məsələ barəsində danışmağa lüzum görmürəm. Bu barədə konkret heç nə yoxdu. İndi Ukraynada kimsə nəsə yazıbsa, biz ona münasibət bildirməli deyilik.