"Olanını deməyim?! Onda soruşmayın da" - Samir Abbasov

Premyer Liqanın 3-cü turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçından sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib. Olimpsport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı "od püskürdü".
 
"Öz meydanımızda qarşılayıb, onları əks-hücumda tutmaq istəyirdik. Özüm oynayanda da Qəbələdə çətin olurdu. Bir günə tam uyğunlaşmaq çətin olur. İkinci tərəfdən emosiyalar aşıb-daşır. "Qəbələ”yə etirazım yoxdu, halalı olsun. Qriqorçuk da Samir Abasov kimi məşqçidi. Avroliqada oynayır, yüksək ödənişlidi. Amma nədənsə, ona söymək olar, Samir Abasova olmaz. İlk qol ofsayddan vuruldu. Hakimə etirazım o oldu ki, eyni epizoda görə fərqli mövqelər olur. Futbolçumuza deyir ki, tez ol, autu at. Mən buna görə yox, qələbə qazanmadığımıza görə üzülürəm. Heç-heçəyə də sevinməzdim. Bunu əlimizdən aldılar”.
 
- Fasilədən sonra futbolçularınız bir neçə epizodda paxıllıq edib, ötürmə vermirdilər...
- Bu, paxıllıq deyil. Komandanın içərisindəyəm. Ancaq unutmayaq ki, cəmi 1 sağ cinah müdafiəçisiylə oynayırıq.
 
- Qriqorçuk dedi ki, ofsayd olub-olmadığını görmədim. Bildirdi ki, ötən mövsüm 15 xalımızı alanda bizə yazığı gələn olmadı. Çılğınlığı ilə ad çıxaran Samir Abasov düşünmür ki, emosiyalı hərəkət onun əleyhinə işləyə bilər?
- Ani olan şeydi. Mənə sakitləşməyi məsləhət görən adam Qriqorçuk olmamalıdı. Özünün söyüşlərini hamı eşidir. Ofsayddan qol vuranda necə təmkinli olum? Öz işçiləri dedi ki, təmiz ofsayddan qol vurduq. Sən necə bunu deyə bilərsən? Ən azı konfransın startına qədər bunu ona deyiblər.
 
- Əvvəlki açıqlamalarınızda legionersiz oynamağınızdan şikayətlənmişdiniz. İndi də sağ kənar müdafiəçisini əvəzləyən oyunçunuzun olmamasından. Bu da de-fakto klub rəhbərliyindən narazılıq deməkdi. Düşünmürsünüz ki, dedikləriniz karyeranıza təsir göstərə bilər?
- Siz sual verirsiniz, mən də cavablandırıram. Olanını deməyim?! Onda soruşmayın da. Deməyim səbəbləri, 10 turdan sonra deməyəcksiniz ki, ay Samir, filankəs faciədi, onun əvəzinə niyə heç kim yoxdu? Qriqorçuk 90 dəqiqə oyunçularını söyə bilər, ona gözün üstə qaşın var deyən olmur. Nə oldu Samir ağzını açan kimi hakimlər bunu görəsi olur?
 
- Başqa sözlə, çəkinmirsiniz?
- Əşşi...