"Şərh vermək istəmirəm" - Qriqorçuk

"Zirə"yə qalib gəlmək bizim üçün niyə gözlənilməz olmalıdı? Düzdü, oyun ağır keçdi. Kənardan asan qalib gəldiyimiz görünə bilərdi, lakin elə deyildi ".

 

Olimpsport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Zirə"nin qonağı olan "Qəbələ" meydandan qalib ayrılıb - 2:0. Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı qələbəni şərh edib:

 

"Bu gün oyunçularım çox peşəkar və səliqəli davrandılar. Hər şey yüksək səviyyədə idi".
 
- İkinci hissədə emosional idiz. Səbəb nə idi?
- Bir az emosional idim. İkinci hissədə oyun daha çox xoşuma gəldi. Bəlkə də, emosionallığım bununla bağlı idi. İkinci qolu vurduqdan sonra meydanda sakitlik yarandı. Mən də bunu istəyirdim.
 
- Ruslan Qurbanovu meydana buraxandan əvvəl əvəzetməni hazırlasanız da, bir müddət tərəddüd etdiniz. Bu, oyunun mexanizminin pozulmasından qorxmağınızla bağlı idi?
- Xeyr. Əvəzetmə böyük dəyişiklik etmək üçün hesablanmamışdı. Meydana çıxan futbolçu taktiki cəhətdən düzgün oynamalı və bizim tapşırıqlarımızı yerinə yetirməlidi. İlk hissədə bir qədər çatışmazlıqlar var idi. Fasilədə bunu müzakirə etdik və ikinci hissədə vəziyyət düzəldi. Ruslana bəzi göstərişlər verdim, o da oyuna yaxşı qoşuldu. Bu gün nə Ruslana, nə də digər futbolçulara iradım var. Mənim istədiyim kimi oynadılar.
 
- Qarşıdan "Maynts"la oyun gəlir. Komandanız Avroliqada ilk qələbəsini qazana biləcəkmi? Bir də Nika Kvekveskirinin durumu nə yerdədi?
- Nika oynamayacaq. Zədəsi ilə əlaqədar 2 həftə yenə heyətdən kənarda qalacaq. O ki qaldı "Maynts"la oyuna, şansımız var. Amma rəqib çox güclü çempionatda çıxış edir. Onlar Bundesliqada sonuncu yerdə olsalar belə, çox güclü liqanın təmsilçiləridi. Biz başa düşürük ki, yaxşı nəticə qazanmaq üçün super oynamalıyıq. Dediyim kimi, şansımızın olduğunu başa düşürük.
 
- Kiyev "Dinamo"sundan sizə konkret təklif gəlmişdi?
- Mən belə məlumatları az oxuyuram. Şərh vermək istəmirəm.
 
- Onda bu cür məlumatlar hardan çıxır?
- Hörmətsizlik kimi qəbul etməyin, amma bu suala da şərh vermək istəmirəm (gülür). (Apasport.az)