Tural Əliyev reytinq yarışında ölkəmizi layiqincə təmsil edir
Hazırda Macarıstanda güləş üzrə reytinq turniri davam edir.
OLİMPSPORT xəbər verir ki, Azərbaycanla yanaşı dünyanın ən güclü güləşçilərinin reytinq uğrunda mübarizə apardığı turnirdə ölkəmizi 1-ci kateqoriya üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edir. Tural Əliyev həmişə olduğu kimi bu yarışda da işinin öhdəsindən layiqincə gəldiyini nümayiş etdirir.
Qeyd edək ki, Tural Əliyevin hakim kimi özəl xüsusiyyətlərindən biri də idmançıların titulundan və ölkəsinin adından asılı olmayaraq verdiyi qərarlarda qətiyyətini qorumasıdır. Bu hakimlikdə çox önəmli xüsusiyyətlərdən biridir. Çünki dəfələrlə şahidi olmuşuq ki, istər güləş, istərsə də digər idman növlərində bəzi hakimlər idmançıların titulundan çəkinərək ədalətli qərar verməkdə özlərində iradə tapa bilmirlər. Düzdür, adını dünyanın idman çapına yazdırmış idmançılara bəzən fair-play qaydaları çərçivəsində simpatiya olaraq humanist jestlər etmək olar, ama bu o demək deyil ki, görüşün taleyini həll edəcək ədalətsiz qərar verəsən. Elə bu səbəbdən də Azərbaycan Güləş Federasiyasının hakimlər briqadası tərəfindən belə məsuliyyətli yarışlara Tural Əliyev və onun kimi qətiyyətli və ən əsası ədalətli hakimlərin təyin edilməsi alqışalayiqdir.
Xatırladaq ki, ölkəmizin güləş tarixində polis zabiti olaraq Tural Əliyev ilk dəfədir ki, rayon polis şöbəsinin rəis müavini kimi belə mötəbər turnirdə hakimlik edir. İnanırıq ki, bu gedişlə Olimpiya kateqoriyasının bir addımlığında olan Tural Əliyev 2028-ci ildə keçiriləcək Olimpiya oyunlarında hakimlik edəcək.