İspaniya və Xorvatiya milliləri daha əvvəl 3 dəfə böyük turnirdə üz-üzə gəlib

Bu gün Avropa çempionatında qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələcək İspaniya və Xorvatiya komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üç dəfə qarşılaşıblar.

"Olimpsport" xəbər verir ki, bu görüşlərin ikisində ispanlar, birində isə xorvatlar qələbə qazanıb.

Belə ki, ilk dəfə rəsmi olaraq AVRO-2012-də qarşılaşan tərəflərin duelində İspaniya millisi 1:0 hesabı ilə qalib gəlib. 4 il sonra AVRO-2016-da yenidən yolları kəsişən komandaların mübarizəsində xorvatlar 2:1 hesablı qələbəyə seviniblər. AVRO-2020-nin 1/8 finalında da qarşılaşan yığmaların son rəsmi görüşündə İspaniya millisi 5:3 hesabı ilə qələbə qazanıb.

İtaliya və Albaniya yığmaları isə indiyədək böyük turnirlərdə üz-üzə gəlməyiblər.

Macarıstan və İsveçrə yığmaları daha əvvəl 1 dəfə dünya çempionatının 1/4 final mərhələsində qarşılaşıblar. 1938-ci ilə təsadüf edən matçda Macarıstan yığması 3:0 hesablı qələbəni bayram edib.

Qeyd edək ki, Macarıstan - İsveçrə matçı saat 17:00-da, İspaniya - Xorvatiya oyunu 20:00-da və İtaliya - Albaniya görüşü isə 23:00-da start götürəcək.