Azərbaycan boksçuları Sarayevoda keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb

Azərbaycan boksçuları Kənan Aslanlı və Adil Zalov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.

"Olimpsport" xəbər verir ki, K.Aslanlı (63 kq) 1/16 finalda Uilliam Murla (İngiltərə) qarşılaşıb.

Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə Azərbaycan idmançısının xeyrinə yekunlaşıb. O, növbəti görüşdə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.

A.Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda gürcüstanlı Luka Mazanaşvilini mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Onun ikinci döyüşdə rəqibi irlandiyalı Con Maher olacaq.

Hər iki görüş iyunun 25-də baş tutacaq.

Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.