"Küsər, Sumqayıtda yaxşı su gəlir. Gedər, içər" - Samir Abbasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının VI turu çərçivəsində baş tutan “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirlərinizi bildirərdiz...

- Qələbə qazandığımız üçün çox sevinirik. Qarşımıza konkret məqsəd qoymuşduq ki, mütləq qalib gəlməliyik. Rəqibin kimliyinin fərqi yoxdu. Çünki Qəbələdəki oyundan sonra bu dəfə ancaq 3 xal arzusunda idik. Əks halda bizi vuranların əlinə çomaq vermiş olacaqdıq. Demişdik ki, nə olur olsun, qol da buraxsaq, lap iki nəfər “qırmızı” da alsa axıra kimi döyüşəcəyik. Uşaqlar da sanki son oyunmuş kimi çıxış etdilər. Bundan sonrakı bütün matçlar belə olacaq, ya olmayacaq onu deyə bilmərəm.

 

- Bizi vuranlar dedikdə kimi nəzərdə tutursuz?

- “Qəbələ” ilə oyundan sonra uduzan da biz olduq, cəzalanan da. Kənardan deyənlər də oldu ki, “Sumqayıt” nə oynayır ki, nə danışsın. Ancaq özünüz də görürsüz, hamısı gənc, azərbaycanlı uşaqlardı. İllərlə digər komandalarda ehtiyatda oturmuş futbolçulardan yığılmış komandadı. Çıxıb deyə bilmərik ki, dominant bizik. Bunun üçün hələ çox tezdi. Mənə bir oyun cəza verən adamlara təşəkkür edirəm ki, məni başa düşdülər. Hirsli idim. Əfsuslar olsun ki, telefonla zəng edib şəxsən minnətdarlıq edə bilmədim.

 

- Tribunadan oyunu izləmək daha həyəcanlıdı, yoxsa skamyadan?

- Tribunada hər şeyi görürsən. Elə bil ki, orda “infarkt” olursan, burda üstəlik iki dəfə “paralic” də vurur.

 

- Keçən oyundan sonra rəhbərliyi sərt tənqid etmişdiniz. Bu gün Kamran müəllim (klub prezidenti – red.) dedi ki, görüşmüsüz artıq. Görüş necə keçdi?

- Həmişə nə soruşsanız, ona da cavab verəcəm. Nə qədər xoş olacaq, bilmirəm. Əgər komandamda problemlər varsa, mən onları deməliyəm.

 

- Rail Məlikovun yeni mövqeyindəki çıxışı necə idi?

- Keçən oyunda Ayazın zəif çıxışı məni məcbur etdi ki, Raili mərkəzdən cinaha çəkim. Çox razı qaldım. Onun elə komandada olmağı mənə bəsdi.

 

- Amil Yunanova sanki bir az gec şans verdiz...

- Özünüz görəcəksiz, bu oynamamaqlar onun xeyrinə olacaq.

 

- Gənc oyunçudu, qorxmursuz küsər?

- Küsər, Sumqayıtda yaxşı su gəlir. Gedər, içər (gülür). (Apasport)